Əliyev: Bakı və Abşeronun içməli su problemi üçün 2035-ə qədər dövlət proqramı hazırlanıb
Bakı və Abşeron yarımadasının içməli su problemlərinin həlli üçün genişmiqyaslı dövlət proqramı hazırlanıb və proqram 2035-ci ilə qədər icra olunacaq. Bunu Prezident İlham Əliyev keçirdiyi müşavirədə bildirib.
Əliyevin sözlərinə görə, proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək və əsas məqsəd bölgənin dayanıqlı içməli su ilə təmin olunmasıdır.
Prezident qeyd edib ki, proqram dövlət büdcəsi və xarici kreditlər hesabına maliyyələşdiriləcək.
O vurğulayıb ki, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti 6 faizdən bir qədər çoxdur və bu, ölkəyə xarici maliyyə mənbələrindən daha geniş istifadə imkanı yaradır.
Proqram çərçivəsində təxminən 30 yeni su anbarının tikintisi, 200 kilometrdən çox magistral kanalın və paylayıcı şəbəkələrin inşası və yenidən qurulması nəzərdə tutulur.
Sayğaclaşdırmanın 100 faizə çatdırılması planlaşdırılır.
Əliyevin sözlərinə görə, hazırda fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faizdir və proqramın icrası nəticəsində bu göstərici 95 faizə yüksələcək. Proqram Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Gülnar Nazimqızı