Niyə günəş panelləri Bakıda az, Qarabağda isə sürətlə qurulur?
2025-ci ildə Qarabağda 1500-dən çox fərdi yaşayış evi, ictimai və sosial binada ümumi gücü 5000 kilovatdan (kVt) artıq olan günəş panelləri quraşdırılıb. Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev Anews.az-a müsahibəsində deyib.
"Ölkəmizdə 2027-ci ilədək ümumi gücü 2 QVt-dan artıq olan “yaşıl enerji” layihələrinin reallaşdırılması nəzərdə tutulur. Artıq istismara verilən sənaye miqyaslı ilk bərpa olunan enerji stansiyaları - “Qaradağ” Günəş Elektrik Stansiyası (230 MVt) və “Xızı–Abşeron” Külək Elektrik Stansiyası (240 MVt) ölkəmizin enerji balansında mühüm rol oynayır. Eyni zamanda, bp şirkəti tərəfindən Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində isə ümumi gücü 1000 MVt olan - Bankə GES (315 MVt), Biləsuvar GES (445 MVt) və Abşeron–Qaradağ KES (240 MVt ) layihələri icra qrafikinə uyğun olaraq həyata keçirilir. Bununla yanaşı 100 MVt gücündə Qobustan Günəş Elektrik
Stansiyası layihəsi üzrə tikinti işləri isə Çinin “Universal International Holdings Limited” şirkəti tərəfindən davam etdirilir", - o bildirib.
Əliyevin sözlərinə görə, son dövrlər Çin şirkətləri ilə də əməkdaşlıq genişləndirilir.
"Bu çərçivədə “ChinaEnergy” şirkəti ilə 160 MVt günəş elektrik stansiyasının inşası layihəsi, “Power China” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası layihəsi və “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsi üzrə danışıqlar aparılır.",- o vurğulayb.
2025-ci ilin aprelində “Enerso Cəbrayıl” MMC və “Clean Energy Jabrayil” MMC arasında Cəbrayıl rayonunda hər biri 50 MVt gücündə “Üfüq” və “Şəms” Günəş Elektrik Stansiyaları üzrə İnvestisiya müqavilələri imzalanıb. Həmin ilin oktyabrında isə stansiyaların təməli qoyulub.
Bundan əlavə, yerli şirkətlər olan “Clean Energy İnvest” MMC və “Enerso” MMC tərəfindən Naxçıvan Muxtar Respublikasında hər birinin gücü 25 MVt olmaqla iki günəş elektrik stansiyalarının tikintisi ilə bağlı təşəbbüs irəli sürülüb. Sonrakı mərhələlərdə bu layihələrin gücünün 400 MVt-a qədər artırılması planlaşdırılır. Bu məqsədlə Naxçıvanda 688 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.
Eyni zamanda “Masdar”, bp, “Energy China”, “Power China” və “China Datang Overseas Investment Co. Ltd” kimi şirkətlər tərəfindən icra olunan bərpa olunan enerji layihələrində yerli şirkət “SOCAR Green” MMC tərəfdaş kimi iştirak edir.
“Clean Energy Capital” MMC ilə Energetika Nazirliyi arasında imzalanan icra müqaviləsinə əsasən, Xəzər dənizində ilkin mərhələdə 200 MVt, ümumilikdə isə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Milli məclisin deputatı Sadiq Qurbanov bildirir ki, yaşıl enerjinin Qarabağa nisbətən digər ərazilərdə az qurulmasına səbəb ənənəvi enerji mənbələri ilə çalışan stansiyalardan daha baha başa gəlməsidir.
"Yaşı enerji məlumdur ki, az inkişaf edib. Bu da ənənəvi enerjidən fərqli olaraq, xərclərin müəyyən qədər çox olması ilə əlaqədardır. Hüquqi cəhətdən yaşadığımız hündür mərtəbəli binalarda dam örtüyü belə ümumi kollektivə aiddir. Bu sahədə qanunvericilikdə nəzərdə tutulan qaydada istənilən şirkət, firma, vətəndaş istənilən şəxs istifadə edə bilər və onun qalan hissəsinin şəbəkəyə ötürülməsi prosesini qanunvericilikdə müəyyən edilib. Amma praktikada tətbiq olunmur",- deputat bildirib.
Enerji məsələləri üzrə ekpert, DAM ENERJİ MMC-nin təsisçi və direktoru Sulduz Abbasov bildirib ki, Azərbaycan günəşli günlərin sayına görə günəş panellərinin quraşdırılması üçün uyğun bölgədir.
"Panelləri quraşdırmaq üçün Günəşli günlərin sayı ildə 2200 saat təşkil edir ki, bu da böyük göstəricidir. Həmçinin günəş panelləri hərəkət etməyən avadanlıqdır, ona görə də istismarı asandır və enerji verimliliyi daha yüksəkdir. Qoyuluş qiymətini yaxın 4-5 il ərzində çıxarır. Külək turbinlərinə gəldikdə isə hərəkət edən avadanlıq olduğundan istismarında daim baxım və qulluq tələb edir. Bu xidmətlərin həcmi turbinin gücü artdıqca daha da çoxalır. Səs salma, kölgə yaratma və s kimi mənfi xüsusiyyətləri var. Qoyuluş qiymətini 23-24 ilə çıxarır. Bu da investisiya qoyan sahibkar üçün sərfəli deyil",- o vurğulayıb.
Ekspert əlavə edib ki, Günəş panellərinin smeta dəyəri onun qoyuluş gücünə görə müəyyən olunur.
"Belə ki, on grid sistem 650 manatdan 950 manata qədət dəyişir. Hətta hibrid və off grid (litium-ion batareyalı) sistemlər ən azı 60% on griddən daha baha başa gəlir. Həmçinin panellərin onijinallığı, brend malın özünün belə hansı tip panelləri quraşdırılacağı önəmlidir. Çünki hər firmanın panellərin özlərinin də növləri var ki, qiymətləri fərqlidir. Panellərə bəli zavod tərəfindən 30 il zəmanət verilir ancaq hər ehtimala biz 25 il zəmanət veririk. Stansiyanın quraşdırılmasında əlavə avadanlıqlardan invertorlara 8-10 il və akkumlyator batareyalarına 6-8 il zəmanət verilir. Bütün avadanlıqlarda olduğu kimi zəmanət müddəti birdikdən daha çox uzun müddət istismar etmək mümkündür. Günəş panellərini quraşdırmaq üçün ərazi lazımdır. Bu da bina evində yoxdur. Həyət evlərində ən əlverişlisi evin damımda quraşdırmaqdır. Panellərin quraşdırılması elə olmalıdır ki , mümkün qədər çox günəş görə bilsin", - Abbasov vurğulayıb.
Azərbaycan günəş paneli quraşdırıcıları – dam örtüyü və ayrıca günəş sistemləri də daxil olmaqla, günəş paneli quraşdırılmasını həyata keçirən şirkətləri göstərir. Hazırda Azərbaycan ərazisində yerləşən 6 quraşdırıcının siyahısı var. Onlardan biridə Helind şirkətidir.
Şirkətin icracı direktor Orxan Quluzadə bildirir ki, şirkət ötən il təxminən 5 MVt-lıq günəş paneli sistemi quraşdırıb.
Quraşdırılma əsas, Bakı, Qarabağ, Laçın, Ağdam, Cəbrayılda olub.
"Helind Enerji tərəfindən Bakıda həyata keçirilən layihə çərçivəsində 24 ədəd 30 kolbalıq günəş kollektoru quraşdırılıb. Bu sistem günəş enerjisindən istifadə edərək hovuz suyunun qızdırılması, evin daxili məkanlarının isidilməsi və qazan (boiler) üçün isti su təminatı funksiyalarını yerinə yetirir",- şirkət rəsmisi bildirib.
Hesablamalar götərir ki, bir ev üçün, adətən, 3-5 kv gücündə kiçik sistemlərin quraşdırılması 2,000 – 3,500 manat arasında olur. Böyük ölçülü sistemlərin quraşdırılması üçün isə təxminən 8,000 – 15,000 manat arasında dəyişir.
Günəş enerjisi sistemi on-grid model üzrə fəaliyyət göstərir, yəni istehsal olunan enerji birbaşa binanın daxili elektrik şəbəkəsinə ötürülür və artıq enerji dövlət şəbəkəsinə yönləndirilə bilər. Bu sistem, kompleksin ümumi kommunal ehtiyaclarını — liftlər, pilləkan işıqları, təhlükəsizlik sistemləri və digər ortaq sahələrin elektrik xərclərini əhəmiyyətli dərəcədə azaldır.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 milyon . kVt·st elektrik enerjisi istehsal edilib.
Aytac Zeynalova