İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə günlərlə davam edən etiraz aksiyalarında iştirak edən şəxslərin edam olunması ilə bağlı planların olmadığını bildirib.Əraqçi bu açıqlamanı Fox News-a verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, “dar ağacından asılmaq planı yoxdur və bu mövzu ümumiyyətlə müzakirə edilə bilməz”.
Nazir Qərb mediasında etirazlar zamanı 2 500–12 000 nəfərin öldürüldüyü iddialarını təkzib edərək, ölənlərin sayının yüzlərlə olduğunu qeyd edib.
Əraqçi bildirib ki, İran hakimiyyəti etirazları polis və hüquq-mühafizə orqanlarına hücum edən, silahlı zorakılıq törədən “kənardan daxil olmuş terrorçu elementlərin” fəaliyyəti kimi qiymətləndirir. Onun sözlərinə görə, bu qruplar polis əməkdaşlarını və mülki şəxsləri güllələyib, bəzi hallarda amansız zorakılıq aktları törədiblər.
Nazir iddia edib ki, bu qrupların əsas məqsədi ABŞ-ı münaqişəyə cəlb etmək olub. Əraqçi baş verənləri İsrailin planı kimi xarakterizə edərək bildirib ki, zorakılığın artırılması ABŞ Prezidenti Donald Trampın mümkün müdaxiləsinə zəmin yaratmaq məqsədi daşıyıb.
Əraqçi vurğulayıb ki, İran hakimiyyəti ölkədə vəziyyətə tam nəzarət edir və eskalasiyanın qarşısının alınacağına ümid etdiyini bildirib.
Son günlər İranda davam edən etirazlar fonunda Qərb ölkələri insan haqları ilə bağlı narahatlıqlarını ifadə edir. Tehran isə hadisələri xarici təsir və təhlükəsizlik təhdidi kimi qiymətləndirir.
Gülnar