Əliyev Davosda “J.P. Morgan”ın baş icraçı direktoru Ceymi Daymonla görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda ABŞ-ın aparıcı qlobal maliyyə institutlarından biri olan “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymonla görüşüb.
Dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və digər yerli qurumlarla “J.P. Morgan” arasında mövcud əməkdaşlığın uzunmüddətli və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.
Ceymi Daymon Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirib, ölkədə sabit investisiya mühitinin formalaşdığını və ardıcıl maliyyə siyasətinin həyata keçirildiyini bildirib. O, rəhbərlik etdiyi şirkətin ARDNF ilə uzunmüddətli əməkdaşlığa xüsusi önəm verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti, makroiqtisadi çağırışlar, eləcə də institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə edilib.
Idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir və 200 ildən artıq tarixə malik dünyanın ən iri maliyyə institutları sırasında yer alır.