Azərbaycanda 11 058 nəfər İİV-lə rəsmi qeydiyyata alınıb
1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində ümumilikdə 11 058 Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Azərbaycanda ilk İnsan İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma halı 1987-ci ildə qeydə alınıb.
Qeydiyyatda olan İİV-lə yaşayan şəxslərin 70 faizi kişilər, 30 faizi isə qadınlardır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva bildirib ki, risk qrupları və ümumi əhali arasında məqsədyönlü şəkildə həyata keçirilən əksepidemik və profilaktik tədbirlər nəticəsində Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında İİV-in yayılma səviyyəsi ən aşağı olan ölkələrdən biridir.
Nazirliyin açıqlamasına görə, 2006-cı ildən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində hazırda 10 mindən çox İİV-lə yaşayan şəxs daimi tibbi nəzarət və müalicə altındadır.
Səhiyyə Nazirliyi qeyd edir ki, İİV-lə mübarizə dövlətin səhiyyə siyasətində prioritet istiqamətlərdən biridir və bu sahədə tədbirlər sistemli və davamlı şəkildə həyata keçirilir.
Gülnar Nazimqızı