Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
Son illərdə şəhərdaxili hərəkətdə elektroskuterlərin geniş yayılması yol hərəkəti təhlükəsizliyi üçün yeni risklər yaradıb, xüsusilə 14 yaşdan aşağı uşaqların nəzarətsiz istifadəsi həm onların, həm də digər iştirakçıların həyatı üçün təhlükə təşkil edir. Bu barədə Ombudsman Səbinə Əliyevanın yaydığı müraciətdə qeyd olunub.
Ombudsman qeyd edib ki, qanunvericilikdə minimum yaş həddi nəzərdə tutulsa da, onun icrası təmin edilmir. Təhlükəsizlik dəbilqəsi məcburi norma kimi tətbiq olunmur, yüksək sürətli elektroskuterlər kəllə-beyin travması və ölüm riskini artırır. Kiçik elektrik nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və identifikasiyası yoxdur, inzibati məsuliyyətin tətbiqi çətinləşir.
Səbinə Əliyeva beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, bir çox ölkələrdə əsas məqsəd qadağa deyil, təhlükəsiz istifadənin təmin edilməsidir. Əsas prioritetlər arasında yaş məhdudiyyəti, təhlükəsizlik dəbilqəsindən məcburi istifadə, valideyn məsuliyyətinin gücləndirilməsi və effektiv nəzarət mexanizmləri yer alır.
Ombudsman vurğulayıb ki, bu tədbirlər mikromobilliyin təhlükəsiz inkişafını, yol hərəkəti iştirakçılarının hüquq və təhlükəsizliyinin qorunmasını təmin edəcək və şəhər mühitində riskləri minimuma endirəcək.
Gülnar Nazimqızı