Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
Qırmızı Ürəklər Fondu müqəddəs Ramazan ayı münasibətilə “Ramazan payı” ianə aksiyasına start verir. Aksiya çərçivəsində toplanan ianələr hesabına ölkə üzrə aztəminatlı ailələrə könüllülər tərəfindən müxtəlif ərzaq məhsullarından ibarət yardım bağlamaları hazırlanacaq. Təşəbbüsün əsas məqsədi sosial həssas qruplardan olan şəxslərə dəstək olmaq, Ramazan ayının paylaşma və həmrəylik dəyərlərini təşviq etməkdir.
Aksiya 24 fevral – 20 mart 2026-cı il tarixlərini əhatə edir. Fond bütün vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Ramazan payı” aksiyasına ianə etmək üçün Birbank mobil tətbiqi vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq mümkündür.
Qeyd edək ki, Qırmızı Ürəklər Fondu fəaliyyət göstərdiyi 5 il müddətində bayram günlərində mütəmadi olaraq aztəminatlı ailələrə yönəlik müxtəlif sosial dəstək aksiyaları həyata keçirir.