Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
2025-ci ildə qeydə alınmış cinayətlər nəticəsində 21195 nəfər zərərçəkənin 1413 nəfəri və ya 6,7 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 3,9 faiz azalıb ki, onların da 83,2 faizini qadınlar qadınlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 22,4 faiz artaraq, 60 nəfər (onlardan 40-ı qadınlar) olub.
Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirir ki, Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayında 22,4 faiz artımın qeydə alınması ciddi sosial siqnal kimi qiymətləndirilməlidir.
"Statistik artım bir tərəfdən real zorakılıq hallarının çoxalması ilə bağlı ola bilsə də, digər tərəfdən hüquq-mühafizə orqanlarına müraciət imkanlarının genişlənməsi, maarifləndirmə tədbirlərinin güclənməsi və gizli qalan faktların daha çox üzə çıxması ilə də izah edilə bilər. Yəni artım həm mənfi tendensiyanın göstəricisi, həm də qeydiyyat və hesabatlılıq mexanizmlərinin təkmilləşməsinin nəticəsi ola bilər. Qadınlara qarşı zorakılığın əsas səbəbləri kompleks xarakter daşıyır. Buraya məişət zorakılığı, sosial-iqtisadi çətinliklər, ailədaxili münasibətlərdə zorakı davranış modelləri, psixoloji təzyiq, alkoqol və digər asılılıq faktorları daxildir. Eyni zamanda bəzi hallarda cəmiyyətdə mövcud olan stereotiplər və gender bərabərliyi ilə bağlı yanlış təsəvvürlər də zorakılıq riskini artıran amillər sırasında göstərilir. Xüsusilə məişət zəminində baş verən cinayətlər göstərir ki, problem yalnız hüquqi deyil, həm də sosial-psixoloji xarakter daşıyır.",- deputat vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, qanunvericilik baxımından Azərbaycanda qadın hüquqlarının müdafiəsi və məişət zorakılığı ilə mübarizə üzrə kifayət qədər normativ baza mövcuddur.
"Son illər elektron nəzarət vasitələrinin tətbiqi, operativ müdaxilə imkanlarının genişləndirilməsi və ixtisaslaşmış sosial xidmətlərin yaradılması istiqamətində addımlar atılıb. Bu baxımdan məsələ yalnız cəzanın sərtləşdirilməsi ilə həll olunmur. Beynəlxalq təcrübə göstərir ki, təkcə cəza mexanizminin ağırlaşdırılması zorakılığın qarşısını avtomatik almır. Daha effektiv nəticə üçün preventiv tədbirlərin gücləndirilməsi zəruridir. İlk növbədə erkən profilaktika mexanizmləri genişləndirilməli, risk qrupları ilə sistemli iş aparılmalıdır. Təhsil müəssisələrində gender bərabərliyi və sağlam ailə münasibətləri ilə bağlı maarifləndirici proqramlar artırılmalı, psixoloji dəstək xidmətləri əlçatan olmalıdır. Eyni zamanda sosial xidmət mərkəzlərinin və sığınacaqların regional əhatə dairəsi genişləndirilməli, zərərçəkən qadınların hüquqi və iqtisadi reabilitasiyası təmin edilməlidir. Hüquq-mühafizə orqanlarının operativ reaksiyası ilə yanaşı, ictimai nəzarət mexanizmlərinin və vətəndaş cəmiyyəti institutlarının rolu da gücləndirilməlidir. Media və ictimai kommunikasiya platformaları məsələni sensasiya predmetinə çevirmədən, maarifləndirici və məsuliyyətli yanaşma sərgiləməlidir",- deputat əlavə edib.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) bildirilib ki, qadın hüquqlarının qorunması ilə bağlı adiyyatı orqanlarla birgə mütəmadi olaraq, maarifləndirmə tədbirləri keçirilir.
"Ombusdman ölkə qanunverciliyinin tələbləri çərçivəsində eyni zamanda, bu hüquqların daha da cəmiyyətdə düzgün şəkildə təbliği ilə bağlı geniş maarifləndirmə işlərində daim iştirak edir. Qadınların hüquqları ilə bağlı hər il illik məruzədə, qadınlarla bağlı hüquqların daha effektiv formada cəmiyyətdə təbliğ və təşviqi ilə bağləı tövsiyələr verilir",- məlumatda qeyd olunub.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu göndərsək də, cavab ala bilmədik.
BMT-nin son statistikasında qeyd olunur ki, dünyada təxminən 83 000 qadın və qız qəsdən öldürülüb.
Bu qurbanların təxminən 60 %-i – təqribən 50 000 qadın və qız öz intim partnyorları və ya yaxın ailə üzvləri tərəfindən öldürülüb (ər, sevgili, ata, qardaş və s.). Yəni belə qətllər bütün qadın qətllərinin çox hissəsini təşkil edir.
Bu, gündə təxminən 137 qadın və qızın öz ailə üzvü və ya yaxın şəxs tərəfindən öldürülməsi deməkdir – bir sözlə təxminən 10 dəqiqəyə 1 qadın.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox