Buraxılış imtahanı: şagirdlər çətin, ekspertlər normal sayır
Ölkə üzrə keçirilən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı abituriyentlər və müəllimlər arasında müzakirələrə səbəb olub. İmtahandan çıxan bir qrup şagirdlər sualların xüsusilə Azərbaycan dili və açıq tipli riyaziyyat tapşırıqlarında çətin və çaşdırıcı olduğunu bildiriblər. Təhsil ekspertləri isə imtahanın tədris proqramına uyğun hazırlandığını və sualların ənənəvi “sadə–orta–çətin” prinsipi əsasında tərtib olunduğunu deyir.
İmtahan iştirakçıları qeyd edir ki, bəzi bölmələr əvvəlki illərlə müqayisədə daha diqqət tələb edən suallarla yadda qalıb. Xüsusilə Azərbaycan dili bölməsində mətn əsaslı tapşırıqlar və riyaziyyatda açıq tipli suallar bir sıra abituriyentlər üçün çətinlik yaradıb.
Dövlət İmtahan Mərkəzi imtahanın çətinliyi ilə bağlı yayılan fikirlərə belə münsibət bildirib ki, imtahanın mürəkkəbliyi nisbi anlayışdır və iştirakçının hazırlıq səviyyəsindən asılıdır. Sosial mediada qeyd olunan “çətinlik” şikayətlərinin əksəriyyəti zəif hazırlıqlı abituriyentlər tərəfindən səsləndirilir və illərdir təkrarlanır.
Müəllimə Nuriyə Ağayevanın sözlərinə görə, ingilis dili üzrə imtahan mövzular baxımından proqramı əhatə etsə də, sualların təqdimatı əvvəlki illərlə müqayisədə bir qədər mürəkkəb olub.
“İngilis dilindən imtahan sualları ümumilikdə keçirilən mövzuları əhatə edirdi. Ancaq əvvəlki illərlə müqayisədə suallar bir qədər çətin və çaşdırıcı idi. Məsələn, ‘reading’ hissəsində çaşdırıcı suallar salınmışdı. ‘Listening’ isə nisbətən yaxşı idi”, – müəllimə bildirib.
Onun sözlərinə görə, riyaziyyat imtahanında ilk suallar nisbətən asan olsa da, sonuncu açıq tipli tapşırıqlar şagirdlər üçün daha çətin olub. Azərbaycan dili bölməsi isə ümumilikdə daha mürəkkəb qiymətləndirilir.
Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, imtahanın çətin kimi qiymətləndirilməsinin səbəblərindən biri abituriyentlər arasında formalaşmış yanlış gözləntilərlə bağlıdır. Onun sözlərinə görə, bəzi şagirdlər və repetitorlar Dövlət İmtahan Mərkəzinin sualları əsasən mövcud test bazasından seçəcəyini düşünür.
“Müəllimlərdə və şagirdlərdə belə bir fikir formalaşıb ki, DİM məhz bazada olan, xüsusilə də DİM-in test toplularındakı sualları imtahana salacaq. Bu doğru yanaşma deyil. DİM yeni suallar hazırlayaraq bazanı yeniləyir və mövcud suallara müəyyən dəyişikliklər edir. Bu o demək deyil ki, suallar tədris proqramından kənardadır”, – ekspert bildirib.
Onun sözlərinə görə, imtahanda təqdim olunan bütün tapşırıqlar proqram çərçivəsində hazırlanıb və məntiqi düşünmə tələb edən suallar bəzi abituriyentlər üçün əlavə çətinlik yarada bilər.
“Bu tip suallar düşünmə və vaxt tələb edir. İmtahana qeyri-ciddi yanaşan bəzi abituriyentlər üçün çətinlik səviyyəsi də buna görə artır. Ümumilikdə suallar həmişə olduğu kimi sadə, orta və çətin prinsipi əsasında hazırlanıb”, – Əfəndi əlavə edib.
Martın 9-da keçirilən buraxılış imtahanında 58 138 şagird iştirak edib. İmtahanların təşkili üçün ölkə üzrə 236 imtahan binası və 4311 imtahan zalı ayrılıb.
İmtahan prosesinin idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılış rejimi əməkdaşı və 236 bina nümayəndəsi cəlb olunub.
İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyətli şəxslər üçün fərdi nəzarətçilər təyin olunub, hərəkət məhdudiyyətli şagirdlərin bina və zallara daxil olması üçün əlavə şərait yaradılıb.
İlkin məlumatlara görə, imtahan zamanı 9 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric edilib.
Aytac Zeynalova