Aqrar süni intellekt layihəsi fermerlərin qərarverməsini asanlaşdıracaq – nazir
2020-ci ildən fəaliyyət göstərən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini artırıb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Nazirin sözlərinə görə, bu transformasiyanın növbəti mərhələsi Aqrar Süni İntellekt layihəsidir.
Layihə çərçivəsində 30-dan artıq süni intellekt modulu yaradılıb ki, bunlar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər məlumat mənbələrini birləşdirərək həm dövlətin kənd təsərrüfatı idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarverməni dəstəkləyir.
Sistem vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi analitik məlumatlar formalaşdırılır. Məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə təqdim edilir.
Nazir vurğulayıb ki, beləliklə, Azərbaycanda aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox