İlham Əliyev: Azərbaycan üzərindən tranzitə tələbat artır
Azərbaycan Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri baxımından əvəzolunmaz tərəfdaşdır.
Bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Bu gün toxunmaq istədiyim üçüncü mövzu isə bağlantı və nəqliyyat əlaqələridir. Görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu da insanlar, dövlətlər, iqtisadiyyatlar və təchizat zəncirləri üçün ciddi çətinliklər yaradır. Nəqliyyat və əlaqə xətləri pozulduqda beynəlxalq ictimaiyyətin bir çox üzvü çətin vəziyyətə düşür. Azərbaycanda isə biz fosil yanacaqların satışından əldə etdiyimiz gəlirlərin böyük hissəsini nəqliyyat və logistika infrastrukturunun inkişafına yatırmışıq. Bu gün Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri baxımından əvəzolunmaz tərəfdaşdır. Eyni zamanda, Orta Dəhliz və Şimal-Qərb dəhlizinin inkişafında aktiv iştirak edən və investisiya qoyan yeganə ölkədir. Azərbaycanın ərazisində bu dəhlizlər üzrə tikinti layihələri artıq tam başa çatdırılıb. Hazırda gördüyümüz iş isə mövcud dəhlizlərin ötürmə qabiliyyətini artırmaq üçün əlavə investisiyalar yatırmaqdır. Çünki Azərbaycan üzərindən tranzitə tələbat artır. Biz həm şərqdə, həm də qərbdə yerləşən bir çox ölkə üçün vacib tranzit imkanları təmin edirik”, - dövlət başçısı qeyd edib.