“Abşeron” yatağında qaz hasilatının ikinci mərhələsinə 2029-cu ildə başlanması planlaşdırılır
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qaz hasilatının ikinci mərhələsinə 2029-cu il sentyabrın 1-də başlanması planlaşdırılır. Bu barədə Fransanın enerji şirkəti TotalEnergies məlumat verib.
Şirkətin bildirdiyinə görə, layihə üzrə yekun maliyyə investisiya qərarının (FID) 2026-cı ilin iyulunda qəbul olunacağı gözlənilir.
“Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan hissəsində, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir. Yatağın işlənməsinin birinci mərhələsi – İlkin Hasilat Sxemi (İHS) – tək ABD-001 quyusunun 35 kilometrlik sualtı boru kəməri vasitəsilə SOCAR-ın mövcud Neft Daşları qurğularının yaxınlığında yerləşən dayazsulu platformaya qoşulmasını nəzərdə tutur.
Birinci mərhələ çərçivəsində gündəlik maksimum hasilatın 36–39 min barel neft ekvivalenti səviyyəsində olması planlaşdırılıb. Bu həcmə gündə 4,2 milyon kubmetr qaz və 12,8 min barel kondensat daxildir. Platformada qaz və mayelər ayrıldıqdan sonra əlavə emal, saxlama və ixrac üçün Neft Daşları kompleksinə ötürülür. Lay suları isə yenidən yatağa vurulur.
Yataqda ilk qaz hasilatı 2023-cü ilin iyulunda elan edilib. Bundan sonra tərəfdaşlar 2025-ci ilin əvvəlində başlanmış ilkin texniki layihələndirmə mərhələsi əsasında yatağın tammiqyaslı işlənməsi ilə bağlı qərar qəbul ediblər.
Tammiqyaslı işlənmə mərhələsi maksimum hasilat dövründə əlavə olaraq gündə 110 min barel neft ekvivalenti istehsal etməyə imkan verəcək. Layihə çərçivəsində üç dərinsulu quyu qazılacaq və qazın emalı və ixracı üçün 140 kilometrlik çoxfazalı sualtı boru kəməri vasitəsilə Səngəçal terminalı yaxınlığında quruda inşa ediləcək yeni qurğulara qoşulma nəzərdə tutulur.
İkinci mərhələdə maksimum hasilat dövründə gündəlik qaz hasilatının 12,7 milyon kubmetr (ildə təxminən 4,5 milyard kubmetr) olacağı gözlənilir. Bundan əlavə, ilk mərhələdəki istehsala əlavə olaraq gündə təxminən 35 min barel kondensat hasil ediləcək.
“Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda təxminən 350 milyard kubmetr qaz ehtiyatının olduğu bildirilir və bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci ən böyük qaz yatağı hesab olunur.
Yatağın işlənməsi üzrə müqavilə 2009-cu ildə SOCAR ilə Fransanın Total şirkəti arasında imzalanıb. 2023-cü il avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) layihədə 30% iştirak payının əldə edilməsi ilə bağlı saziş imzalayıb. Bu əməliyyat tamamlandıqdan sonra SOCAR və TotalEnergies şirkətlərinin hər birinin payı 35% təşkil edəcək.