Azərbaycan ilin əvvəlindən yumurta ixrac etməyib, göndərişlər apreldən bərpa oluna bilər
Bu ilin əvvəlindən Azərbaycan yumurta ixracını dayandırıb və yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib.
Bunu “Report”a açıqlamasında Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib. Onun sözlərinə görə, ixracdakı fasilə müvəqqətidir və yaxın aylarda göndərişlərin bərpası planlaşdırılır.
Həsənli qeyd edib ki, ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb və may ayından yumurtanın göndərilməsinə başlanılması nəzərdə tutulur. Körfəz ölkələri ilə bağlanmış müqavilələrin icrasına isə aprel ayından başlanması planlaşdırılır. Onun sözlərinə görə, bu vaxta qədər Yaxın Şərq regionunda gərginliyin azalacağına ümid edilir.
Assosiasiya yeni ixrac bazarlarının axtarışını davam etdirir. Artıq **Çin**ə quşçuluq məhsullarının ixracına başlanılıb. Mərkəzi Asiya ölkələrinə ixrac planlaşdırılsa da, həmin bazarlarda dövlət dəstəyi və proteksionist siyasət səbəbindən məhdudiyyətlər mövcuddur.
Həsənli xatırladıb ki, 2025-ci ildə Azərbaycanda 2 milyard 342,9 milyon ədəd yumurta istehsal olunub, bu da əvvəlki illə müqayisədə 1,8% çoxdur. Ötən il ölkə 100 milyondan çox yumurta ixrac edib və bu ixracdan təxminən 10,6 milyon ABŞ dolları gəlir əldə olunub.
Statistikaya görə, 12 milyon 686,8 min ədəd damazlıq, 90 milyon 437,8 min ədəd süfrə yumurtası ixrac edilib və bu göstərici əvvəlki illə müqayisədə 23% artım deməkdir. Azərbaycan yumurtanı əsasən Birləşmiş Ərəb Əmirlikləri, Qətər, ABŞ, İraq, həmçinin Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniya kimi ölkələrə göndərib.