Razi Nurullayev: Əlillik təyinatı prosesi sadələşdirilməli və sürətləndirilməlidir
Son dövrlərdə seçicilərlə görüşlər zamanı ən çox səslənən problemlərdən biri əlillik təyinatı ilə bağlı çətinliklərdir. Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, bu problem xüsusilə ağır xəstələr və müharibə veteranları üçün ciddi narahatlıq yaradır. Vətəndaşlar tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlər və elektron sistem üzərindən qərarın gözlənilməsi prosesinin aylarla davam etdiyini bildirirlər.
Deputat qeyd edib ki, bəzi hallarda vətəndaşlar verilən qərarla razılaşmadıqları üçün yenidən müraciət etməyə məcbur qalır ki, bu da onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə fiziki və psixoloji yük yaradır.
Nurullayev vurğulayıb ki, son illərdə əlilliyin təyin olunması prosesinin elektronlaşdırılması şəffaflığın artırılması baxımından mühüm addım olsa da, mexanizm praktikada hər zaman operativ və vətəndaş yönümlü işləyə bilmir.
Onun fikrincə, əlillik təyinatı prosedurları daha sadə və çevik olmalı, xüsusilə müharibə veteranları və həssas qruplar üçün sürətləndirilmiş mexanizm tətbiq edilməlidir. Deputat həmçinin qərarlardan narazı qalan vətəndaşlar üçün daha operativ və şəffaf apellyasiya mexanizminin yaradılmasının vacibliyini qeyd edib.
“Əlillik məsələsinə yalnız texniki prosedur kimi deyil, sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşmaq lazımdır”, – o əlavə edib.
Gülnar Nazimqızı