QMİ sədri adambaşına 10-15 manat fitrə çıxartmağı tövsiyə edir
Bu il Ramazan bayramı miladi təqvimlə martın 20-nə təsadüf edəcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bayram təbrikində deyilir.
Təbrikdə bildirilir ki, qərar Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları və Türk dövlətlərinin dini qurumlarının fətvası əsasında qəbul olunub.
QMİ sədri Allahşükür Paşazadə bayram münasibətilə təbrikində bildirib ki, bu il Ramazan bayramı Novruz bayramı ilə eyni dövrə təsadüf edir.
QMİ sədri imkanı olan şəxslərə adambaşına 10-15 manat məbləğində fitrə zəkatı verməyi tövsiyə edib.
"Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Şəriətə görə, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşatmaq məramı daşıyır", - təbrikdə deyilir.
Qeyd olunur ki, fitrə zəkatı Ramazan ayının son günü, bayram axşamı verilməlidir.
Aytac