Bu gün Azərbaycanda Novruz bayramıdır
Bu gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.
Novruz — yeni günün başlanğıcı, təbiətin oyanışı və baharın gəlişini təmsil edən ən qədim milli bayramımızdır.Mənası fars dilindən tərcümədə "Yeni gün" deməkdir.
Bayramdan əvvəlki dörd çərşənbə təbiətin dörd ünsürünü simvolizə edir: Su, Od, Yel (Külək) və Torpaq.Bayram süfrəsinin bəzəyi Səmənidir. Süfrədə adları "s" hərfi ilə başlayan 7 növ nemət və milli şirniyyatlar (şəkərbura, paxlava, şorqoğalı) olur.Şəkərbura ayın, paxlava ulduzun, qoğal isə günəşin rəmzi hesab olunur.
Tonqal qalanması və üzərindən tullanmaq, papaqatdı, qulaq falı, yumurta döyüşdürmək və Kosa ilə Keçəlin məzhəkəli oyunları Novruzun ayrılmaz hissəsidir.
Bu bayram həm də küsülülərin barışması, insanların bir-birinə qonaq getməsi və yardımlaşması ilə birliyi təmsil edir.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və BMT tərəfindən 21 mart "Beynəlxalq Novruz Günü" kimi tanınır.