Yağıntılar Bakıda sürüşmə zonalarında aktivliyi artırıb
Son günlər yağan intensiv yağıntılar nəticəsində Azərbaycanda, xüsusilə Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində dəyişikliklər qeydə alınıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi-nin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu tərəfindən aparılan müşahidələr zamanı Zığ qəsəbəsi və Badamdar qəsəbəsi ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb.
Badamdar sürüşmə sahəsində lokal çökmə və yuyulma halları müşahidə edilsə də, prosesin intensiv olmadığı və zəif aktivlik səviyyəsində qiymətləndirildiyi bildirilib. Ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən qabaqlayıcı tədbirlər görülür.
Eyni zamanda bəzi lokal sahələrdə sürüşmə elementləri, çökmə və uçma halları aşkarlanıb. Monitorinqlər davam etdirilir və ilkin nəticələr əsasında əlavə qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb.