Güclü yağış və daşqınlar minlərlə hektar əkin sahəsinə ziyan vurub
Son günlər ölkə ərazisində yağan intensiv yağışlar və çay daşqınları bir sıra bölgələrdə əkin sahələrini su altında qoyaraq təsərrüfatlara ciddi ziyan vurub. Bu barədə Aqrar Sığorta Fondunun məlumatında deyilir.
Müraciətlər əsasən Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarından qeydə alınıb. Xaçmaz rayonunda İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli, Keymərəz, Niyazoba, Qaraqurdlu, Çığatay, Hacılar və Qarqan kəndlərində payızlıq arpa və buğda sahələri, həmçinin badam, armud və heyva bağları su altında qalıb. Bəzi sahələrdə suyun hündürlüyü 60 santimetrə çatıb.
Şabran rayonunda Liman, Udulu, Ağalıq və Gəndov kəndlərində payızlıq arpa sahələri və gilas bağları, Qusar rayonunda Çubuqlu və Yasab kəndlərində arpa və buğda sahələri, Quba rayonunda Aşağı Xuc kəndində alma bağı, Siyəzən rayonunda Balaca Həmyə və Qalaşıxı kəndlərində payızlıq arpa sahələri su basıb. Dağlıq Şirvan regionunda Ağsu rayonunun Rəhimağalı və Muradlı kəndlərində badam bağları və buğda sahələri, Şamaxı və Qobustan rayonlarında isə arpa sahələri sel sularından təsirlənib. Hacıqabul rayonunun Qızılburun kəndində və Ağcabədi rayonunda isə yağış və qasırğa nəticəsində arpa və alma bağları zərər görüb.
Ümumilikdə son günlər güclü yağış nəticəsində 2,100 hektara yaxın əkin sahəsinə ziyan dəyməsi ilə bağlı müraciətlər qeydə alınıb. Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bölgələrə ekspertlər göndərilərək zərərin qiymətləndirilməsinə başlanacaq.
Fond fermerləri əkin sahələrini müstəqil şəkildə yoxlamağa və hər hansı hadisə müşahidə etdikdə dərhal 1651 Çağrı Mərkəzinə məlumat verməyə çağırır. Dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 41 bitki və məhsulu dolu, sel, leysan, şaxtavurma, qasırğa, torpaq sürüşməsi və digər risklərdən qoruyur. Fermerlər sığorta haqqının yarısını dövlət hesabına ödəyərək əkin sahələrini münasib qiymətə sığortalaya bilirlər.
Məsələn, Quba-Xaçmaz bölgəsində 1 hektar buğda sahəsinin sığortası cəmi 6,65 manat, arpa sahəsinin sığortası isə 8,05 manat, Dağlıq Şirvan bölgəsində isə 1 hektar buğda sahəsi üçün 10,80 manat, arpa sahəsi üçün 13,65 manat təşkil edir.
Aytac Zeynalova