Meloni Fars körfəzi ölkələrinə səfər edib
İtaliyanın Baş naziri Corciya Meloni Fars körfəzi ölkələrinə əvvəlcədən elan olunmayan səfərə başlayıb.Bu barədə ANSA məlumat yayıb.
Məlumata görə, Meloni aprelin 3-də günün ikinci yarısında Ciddə şəhərinə gedib.O, iki gün ərzində Səudiyyə Ərəbistanı ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə də səfər edəcək.
Agentliyin məlumatına görə, bu, İranda münaqişənin başlanmasından sonra Qərb liderinin regiona ilk səfəridir. Səfərin əsas məqsədlərindən biri İtaliyanın enerji təhlükəsizliyini gücləndirməkdir.
Bildirilir ki, Fars körfəzi regionu İtaliya üçün əsas neft və qaz mənbələrindən biridir və qlobal enerji qiymətlərinə mühüm təsir göstərir.
Qeyd olunur ki, bu, münaqişənin başlanmasından bəri Avropa İttifaqı, G20 və NATO üzvü olan ölkənin liderinin regiona ilk səfəridir.
Mənbələrin bildirdiyinə görə, səfər Fars körfəzi ölkələri ilə münasibətlərin möhkəmləndirilməsinə, eləcə də İranın hücumları fonunda İtaliyanın bu ölkələrə dəstəyinin təsdiqlənməsinə yönəlib.