Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda ölkədə dini vəziyyətlə bağlı yer alan iddiaları tənqid edərək bəyanat yayıblar.
Bəyanatda qeyd olunub ki, 2025-ci ildə Azərbaycanda dini azadlıqların pozulması ilə bağlı irəli sürülən fikirlər “əsassız”dır və ölkədəki reallıqları əks etdirmir. Sənəddə bildirilir ki, bu yanaşma müəyyən qrupların qərəzli mövqeyini əks etdirir və Azərbaycanın dini tolerantlığın təşviqi istiqamətində gördüyü işləri nəzərə almır.
Bəyanat müəllifləri Azərbaycanın multikulturalizm ənənələrinə sadiq olduğunu, Konstitusiyanın dinindən və etiqadından asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarını təmin etdiyini vurğulayıblar. Qeyd olunub ki, ölkədə müxtəlif dinlərin nümayəndələri sərbəst fəaliyyət göstərir, ibadət yerlərinin inşası və bərpası dövlət tərəfindən dəstəklənir.
Sənəddə həmçinin Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin bərpası ilə bağlı işlərin obyektiv təqdim olunmadığı bildirilib.
Bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə dinlərarası dialoqu təşviq edən təşəbbüslərinə - o cümlədən Bakı Prosesi və qlobal forumlara ev sahibliyi etməsinə də diqqət çəkilib.
Sənəd müəllifləri ABŞ tərəfini hesabatdakı yanaşmanı yenidən nəzərdən keçirməyə və Azərbaycanın dini tolerantlığa verdiyi töhfələri nəzərə almağa çağırıblar.
ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası hər il dünya ölkələrində dini azadlıqların vəziyyətini qiymətləndirən hesabat dərc edir.
Aytac