Qazaxıstan müdafiə nazirinin müavini Azərbaycana gəlib
Azərbaycan və Qazaxıstan arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlikdə keçirilən görüşdə müdafiə nazirinin müavini Aqil Qurbanov qazaxıstanlı həmkarı Darxan Axmediyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlar aparıb. Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin bir sıra qurumlarında olub, o cümlədən Əməliyyat Baş İdarəsi, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsi və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin fəaliyyəti ilə tanış olub.
Qazaxıstanlı nümayəndələr həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseyə və Şəxsi Heyət Baş İdarəsinə baş çəkərək elektron məlumat sistemləri ilə tanış olublar.
Nazirlik bildirib ki, səfər zamanı qonaqlara kibertəhlükəsizlik, müasir silah sistemləri və süni intellekt əsaslı müdafiə texnologiyaları barədə məlumat verilməsi planlaşdırılır.
Səfərin əsas məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsidir.