FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
ABŞ prezidenti Donald Trump NATO-nun baş katibi Mark Rutte ilə görüş zamanı bəzi alyans ölkələrini cəzalandırmaqla hədələyib. Bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyatları fonunda bəzi Avropa ölkələrinin Amerika hərbçilərinin öz bazalarından istifadəsinə icazə verməməsindən narazı qalıb.
“Qapalı danışıqlarla tanış olan insanların sözlərinə görə, o, (İrana qarşı əməliyyatı) kifayət qədər dəstəkləmədiyinə inandığı Avropa dövlətlərini cəzalandırmaqla hədələyib”, – məlumatda bildirilir.
Eyni zamanda, Politico nəşri Tramp və Ruttenin Ağ Evdə qapalı qapılar arxasında apardıqları danışıqların “sərt ritorika” ilə müşayiət olunduğunu qeyd edib.
Məlumatlara görə, İran Hörmüz boğazında tanker hərəkətini yenidən məhdudlaşdırıb və İsrailə qarşı cavab zərbəsi hazırladığını bəyan edib. Tehran həmçinin Vaşinqtonla əldə edilən razılaşmalara Livanda atəşkəsin də daxil olduğunu iddia edir.
Buna baxmayaraq, İsrail ordusunun Livanda Hizbullah hərəkatına qarşı əməliyyatları davam etdirdiyi bildirilir. Nəticədə 250-dən çox insanın öldüyü, yaralıların sayının isə 1000-i keçdiyi qeyd olunur.
Ağ Ev isə ABŞ və İran arasında yaranmış vəziyyəti “anlaşılmazlıq” kimi qiymətləndirir.
Aytac