Hesablama Palatası 22 quruma hesabat göndərib - nöqsanlar aşkarlanıb
Hesablama Palatası 2025-ci ilin iş planı çərçivəsində həyata keçirilən 35 nəzarət tədbiri üzrə 22 dövlət qurumuna ümumilikdə 83 məlumat təqdim edib. Bu barədə palatanın hesabatında qeyd olunub.
Palatanın fəaliyyət hesabatına görə, audit və analitik tədbirlərin nəticələri Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, hüquq-mühafizə orqanlarına və digər dövlət qurumlarına göndərilib.
Məlumatlarda əsasən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması, maliyyə intizamının gücləndirilməsi və mümkün hüquqpozmalara dair sübutlar əksini tapıb.
Hesabatda bildirilir ki, nəticələr əsasında Nazirlər Kabinetinə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tövsiyələr təqdim olunub.
Tövsiyələrə strateji planlaşdırma və monitorinq sistemlərinin gücləndirilməsi, kənd təsərrüfatı heyvanlarının identifikasiyası, baytarlıq və bitki mühafizəsi sahəsində xidmətlərin elektronlaşdırılması, həmçinin risk əsaslı yanaşmanın tətbiqi daxildir.
Bundan əlavə, rəsmi statistik məlumatların dəqiqləşdirilməsi, toxumçuluq fəaliyyətinin səmərəli təşkili, dövlət satınalmalarında rəqabət mühitinin qorunması və artıq ödənişlərin qarşısının alınması tövsiyə olunub.
Palata həmçinin enerji xərclərinin optimallaşdırılması, büdcə vəsaitlərinin səmərəli istifadəsinin gücləndirilməsi və maliyyə qanunvericiliyinə riayət olunmasına nəzarətin artırılmasını vacib sayıb.
Hesabatda qeyd edilir ki, hesabat dövründə büdcə təşkilatlarının fəaliyyəti ilə bağlı bəzi normativ dəyişikliklər də həyata keçirilib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox