Baxçalı: Türkiyə və Azərbaycan arasında nifaq toxumlarının səpilməsinə yol verilməməlidir
MHP sədri Dövlət Baxçalı Türk dünyası ölkələri arasında, xüsusilə Türkiyə və Azərbaycan münasibətlərində fikir ayrılığı yaratmağa yönələn cəhdlərə imkan verilməməsinə çağırıb. O, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində keçirəcəyi görüşün iki ölkə arasındakı qardaşlığı bir daha nümayiş etdirəcəyinə inandığını bildirib.
“Başda Azərbaycan olmaqla, Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir”, – Baxçalı yazılı açıqlamasında deyib. Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan “eyni könül coğrafiyasının iki güclü dövlətidir”. Baxçalı bildirib ki, iki ölkə arasındakı münasibətlər xalqların ortaq yaddaşına və tarixi, mədəni bağlarına əsaslanır.
MHP sədri Türkiyənin TDT-yə sədrlik edəcəyi dövrü mühüm məsuliyyət və fürsət adlandırıb. O, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.