Mətbuat katibləri bayram günü jurnalistlərə nə arzuladı? - AÇIQLAMALAR

Milli mətbuatımızın yaranmasından 140 il ötür. Bu gün sadəcə qəzetlərdə, televiziya və radiolarda, internet saytlarında jurnalistlik fəaliyyəti ilə məşğul olanların deyil, həm də bu sahə ilə birbaşa əlaqəsi olan peşə sahiblərinin də bayramıdır.
Adətən, jurnalistlər daha çox kimlərlə ünsiyyətdə olur, kimlərlə "dostlaşıb” daha çox informasiya almaq istəyir, hətta ən çox kimlərlə sualına cavab almadığına görə "soyuq müharibəyə” başlayır? Bəli, yəqin ki, bütün həmkarlarım bir ağızdan deyəcək: "Mətbuat katibləri, mətbuat xidmətinin rəhbərləri”. Əksər hallarda bu vəzifəyə təyin olunanların özləri də əvvəllər jurnalist olub, hansısa mətbu orqanda çalışıblar. Hətta qələm sahibi olmayan mətbuat katibləri də artıq 22 İyulu özlərinin peşə bayramı hesab edirlər.
Milli Mətbuat günü ilə əlaqədar ANN.Az saytı ictimaiyyətlə əlaqələr şöbələrinin, yaxud mətbuat xidməti rəhbərlərinin fikirlərini öyrənib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANN.Az-a açıqlamasında artıq 11 ildir mətbuatla sıx əməkdaşlıq etdiyini dilə gətirib: "İşlədiyim dövrdə əməkdaşlar tərəfindən müxtəlif titullara, fəxri fərmanlara layiq bilinmişəm. Bu hər bir işləyən insan üçün çox böyük sevinc hissidir. Çalışdığım bu illər ərzində milli mətbuatın necə sürətlə inkişaf etdiyinin şahidi olmuşam. Öz xidmət etdiyim sahəyə uyğun olaraq bildirmək istəyirəm ki, ölkə üzrə baş verən yol nəqliyyat hadisələrində ölüm faktının aşağı düşməsi, bu həm yol polisinin işinin, həm də mətbuatda çalışan qələm sahiblərinin vaxtlı- vaxtında apardığı təbliğatın nəticəsidir. Bu gün münasibətilə bütün media işçilərini təbrik edirəm”.

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov milli mətbuatın bugünkü durumuna münasibət bildirməyinin düzgün olmadığını vurğulayıb: "Çünki bizdən daha çox peşəkar, daha təcrübəli, həmçinin jurnalistika sahəsi ilə çoxdan məşğul olanlar var və onlar bu məsələ ilə bağlı öz fikirlərini desələr daha məqsədə uyğun olar. Milli mətbuatın tarixindən danışdıqda demək istərdim ki, mətbuatımız XIX əsrdə çox sağlam ənənələr üzərində formalaşıb. Və o dövrdə Azərbaycanın milli məfkurəsini daşıyan insanlar, həm də mətbuatda bu işlərin öhdəsindən layiqincə gələ biliblər. Həsənbəy Zərdabidən tutmuş Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyov, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu və başqaları həm milli mücadilənin önündə gedən şəxslər olublar, həm də mütəhərrir yazarlar, mətbuatın ağır yükünün daşıyıcıları və milli mətbuatın yaradıcıları idilər”.
Nazirlik rəsmisi müasir mətbuatdan gözləntilərinin də qeyd edib: "Mənim daha çox görmək istədiyim maarif xəttinin önə keçməsi və mətbuatın təkcə xəbər funksiyasını deyil, öyrədici, maarifləndirici funksiyasının öhdəsindən layiqincə gəlməsidir. Bu qaydaları biz yoluna qoya bilsək və buna əməl edə bilsək, yəqin milli mətbuat bütövlükdə öz funksiyasını və özünün daşımalı olduğu fəlsəfəsini tam mənadan yerinə yetirmiş olacaq”.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ötən illərlə müqayisədə digər sahələrdən fərqli olaraq mətbuatın artan sürətlə inkişaf etdiyini deyib: "İnsanlar müəyyən müddət keçdikcə deyirlər ki, əvvəllər belə deyildi. Çünki keçmişlə ayaqlaşmaq bir az çətin olur. Çox böyük təəssüf hiss ilə bildirmək istəyirəm ki, yazılı mətbuat getdikcə yox olmaq ərəfəsindədir. Bu təkcə bizdə deyil. Bütün dünyada baş verən bir tendensiyadır. Elektron bir dövrə keçirik, internet resursları qəzet mətbuatını yazılı mətbuatı işlətmir. Amma Azərbaycan mətbuatının inkişafından danışdıqda onun göz önündə olduğunun şahidiyik”.
Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, əgər 10 il bundan əvvəl xəbər saytlarının, informasiya agentliklərinin sayı bir neçə idisə, indi artıq onları sayı-hesabı yoxdur: "Amma buna baxmayaraq, jurnalistika sahəsində peşəkarlarla yanaşı hələ də qeyri-peşəkarlar da var. Bu olub, bundan sonra da belə olacaq. Mən bu gün mətbuatla bir başa, yaxud dolayısı ilə əlaqəsi olan bütün qələm sahiblərini, digər peşə sahiblərini təbrik edirəm. Onlara işlərində uğurlar arzulayıram. Sözləri iti, qələmləri kəsərli olsu. Müasir şəkildə desək, klaviaturaları daim barmaq görsün!”

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbəsininin müdiri Anar Qədirli ANN.Az-a açıqlamasında mətbuatda problemlərlə yanaşı inkişafında olduğunu deyib: "Bu problemləri aradan qaldırmaq üçün jurnalist birlikləri, mətbuat xidmətləri, bütün jurnalistlər davamlı işləməli, az-az da olsa bu problemi aradan qaldırmalıdırlar”.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri mətbuata gələn yeni nəsil jurnalistlərin başqa formatda olduğu qənaətindədir: "Yeni jurnalistika ifadəsini işlətmək düzgün olmaz, yeni jurnalistika dalğası bir başqa jurnalistikadır. Ən yeni nəsil jurnalistlərində o dərin bilikləri görmək o qədərdə mümkün deyil. Çünki jurnalistika etikasının, jurnalistika konsepsiyasının biliklərinə yeni nəsil jurnalistləri kifayət qədər məlumatlı deyillər. Hər hansı xəbərin hazırlanması və formaya salınmasında jurnalistdən daha çox məsuliyyət redaktorun üzərinə düşür. Misal üçün, ötən illər hər bir redaksiyaya məktəb gözü ilə baxılırdı. Və o işçi hər hansı bir başqa redaksiyaya iş üçün müaciət etdikdə deyilirdi ki, sən həmin məktəbin(redaksiyanın ) nümayəndəsisən. Buna görə də səninlə əməkdaşlıq etmək bizim üçün xoş olardı. Çox təəssüf ki, hal hazırda elə redaksiyaların sayı çox azdır”.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 