AZAL-ın "Wizz Air"ə yeni təklifi belədir - AÇIQLAMA

Ölkə ərazisində daha səmərəli uçuşları təmin etmək məqsədilə AZAL dünyada ən aşağı qiymətə uçuş həyata keçirən "Wizz Air" şirkətinə yeni təkliflə müraciət edib.
ANN.Az-ın rəsmi sorğusuna cavab olaraq AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski ANN.Az-a açıqlamasında bildirib ki, vitse prezidenti Arif Məmmədovun mətbuat konfransında dediklərini mətbuat fərqli şəkildə yayıb: "Əslində isə Arif Məmmədov qeyd edib ki: Wizz Air aviaşirkəti imzalanmış müqavilə şərtlərini heç vaxt pozmayıb. Lakin hər dəfə qış mövsümü qabağı uçuşları dayandırıb. Müqaviləyə əsasən "Wizz Air" şirkətinə özəl sərfəli şərtlər təqdim edildiyini nəzərə alaraq, AZAL bu şirkətə yeni təkliflə müraciət edib".
Arif Məmmədov yeni şərtlərin nə olduğunu da açıqlayıb: "Uçuşları bərpa etməyi və özəl güzəştli şərtləri daha 3 il davam etmək müqabilində uçuşları il boyu davam etdirmək".
Qeyd edək ki, ANN.Az-ın rəsmi sorğusuna cavab olaraq "WizzAir” rəsmisi Tamara Mshvenieradze 2015-ci il ərzində Azərbaycanla əməkdaşlıq etməyin mümkün olmayacağını deyib: "AZAL bizimlə müqavilə şərtlərini dəyişib. Buna görə də "WizzAir”in Budapeşt-Bakı xidmət dayandırılıb. "WizzAir” Azərbaycanda göstərilən xidmətləri ödəmək üçün heç vaxt imtina etməyib. Biz Mərkəzi və Şərqi Avropanın ən ucuz hava yolları aviaşirkətiyik. Buna görə də bütün xidmətləri yüksək səviyyədə həyata keçiririk. "WizzAir” 2015-ci il üçün bütün marşurut xətlərini səfərbər edib. Bu səbəbdən də bu il Azərbaycanla əməkdaşlıq edə bilməyəcəyik. Hazırda Bakıya uçuşlar yoxdur. Amma Azərbaycan tərəfdən yeni bir təklif olarsa, bu təklifi nəzərdə keçirə bilərik”."
Xatırladaq ki, bir neçə gün bundan əvvəl ölkə rəhbəri İlham Əliyev AZAL-ın qiymətlərinin çox baha olmasına görə qurumu tənqid edib. Bundan sonra AZAL tariflərində dəyişiklik etsə də, bundan nə ekspertlər, nə də sərnişinlər razı qalıb. Çünki AZAL-ın indiki uçuş şərtləri daha ağırdır və ümumilikdə bir sərnişinə daha baha başa gəlir.
Orxan Aslanlı
www.ann.az