Redaktor "Qara siyahı"dan çıxdı

10:46 | 27.04.2015
Redaktor

Redaktor "Qara siyahı"dan çıxdı

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

ANS PRESS xəbər verir ki, açıqlamada deyilir ki, Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoni bu il martın 18-23-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Luis Faraoni Azərbaycan Respublikasının Argentinadakı Səfirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikasının Ermənistan tərəfindən hərbi yolla işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinin adının arzuolunmaz şəxslər siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu qeyd edib.

O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini söyləyib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.

Luis Faraoni Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edərək, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.

Luis Faraoninin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul olunub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM