Çörək bahalaşdı - Vətəndaş narazılığı və ekspert təhlili

13:26 | 09.01.2022
Çörək bahalaşdı - Vətəndaş narazılığı və ekspert təhlili

Çörək bahalaşdı - Vətəndaş narazılığı və ekspert təhlili

6 nəfərlik ailə üçün günə ən azı 3 çörək,  üzvlərin sayına uyğun un məmulatları alınır ki, qiymət artımı ilə xərc 50 faiz çoxalacaq və ailə büdcəsinə mənfi təsir göstərəcək, bunu anews.az-a açıqlamasında Bakı sakini Könül Qasımova bildirib.

Son günlərdə çörək və un qiymət artımı mövzusu ölkə gündəmini zəbt edib. Yanvarın 6-da İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib.
 
50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat
500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik
650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik.

Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirəcəyini və ilk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdan satış qiyməti 35,4- 35,9 manat arasında dəyişdiyini bildirib. 

Lakin bahalaşan qiymətlərdən narazı olanlardan biri  Könül Qasımova bildirir ki, çörəyin qiymətinin 10 qəpik qalxması belə dərin problemlər yaradacaq. 

"Evdə yalnız həyat yoldaşım işləyir. O da dövlət müəssisəsində çalışmır deyə prezidentin sərəncamı ilə qaldırılan maaşlar ona şamil edilməyəcək. Hətta çörəyin qiyməti artarsa, onun satdığı oyuncaqları alan olmayacaq. Çörəyə 1 manat 50 qəpik verirdik. Son zamanlar isə çörəyin çəkisi azalmışdı deyə bəzən 4 çörək alırdıq və 2 manat verməli olurduq. Qonaq gələndə də daha çox çörək almalı olurduq. Evdə pəhriz çörəyi alınır ki, onun da qiyməti əvvəl 80 qəpik idi, son zamanlar isə 85 qəpiyə alırdıq. Evdə 3 məktəbli uşaq var. Onların məktəb xərcləri çox olur deyə, əksər hallarda evdə çörəkarası nəsə qoyurdum. İndi çörəyin qiymətini də artırırlar. Uşaqlara əlavə pul xərclənməsin deyə çörəyi tərifləyirdik, indi nə edək, oturub pisləyəkmi? Qaynanam bizimlə yaşayır. Onun dərmanlarının baha olması ayrı məsələdir, amma o bizdən fərqli olaraq pəhriz çörəyi yeyir. Onun çörəyinin qiyməti də qalxıb. Pəhrizinə çörəksiz davam edəcək, deyəsən. Təkcə çörək qalxsa nəysə, un məmulatları da qalxacaq yəqin ki. Kasıbın yediyi makaron, vermişel, xəngəldir. Onların da qiyməti qalxacaq. Kasıbı düşünən ancaq kasıbdır, onun da əlindən heç nə gəlmir", - deyə paxtaxt sakini gileyləndi. 
 
Könül Qasımova yeni təyin olunan qiymətlərin isə daha da artacağı qənaətindədir. 
 
"Çörək 30 qəpik idi əvvəllər. Sonra 40 qəpik oldu, son günlər 50 idi, artıq isə 65 qəpikdir. Çəkisi isə çox azdır. 40 qəpiklik çörəyin çəkisi çox idi. Qiymət artır, çəki azalır. Çörək qiymətləri ilə yanaşı, digər məhsulların da qiyməti artır. İnsanları üsyana çağırırlar. Qazaxıstanda qazın qiymətinə xalq qalxdı. Bizi də çörək ilə imtahan edirlər. Amma inanmıram ki, bu imtahan tez bitsin. Hələ artacağını da gözləyirəm", - deyə o əlavə etdi. 
 
Bakıda mağaza və bazarda keçirdiyimiz sorğu nəticəsində respondentlərin 80 faizinin çörəyin qiymətinin bahalaşmasından narazı olduğunu müşahidə etdik. 
Sakinlər arasında hələ 3-4 ay bundan əvvəl qiymətlərin artmağa başladığını bildirdi, lakin çörəyin qiymətinin artması cari durumu daha da pisləşdirib. 
 

 
İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, 2022-ci ilin ortalarına kimi qiymətlərdə artım proqnozlaşdırılır. Yalnız mövsümi amillərin təsirindən, yerli məhsulların bazara çıxması ilə qiymət artımı cari ilin iyun-iyulunda səngiyəcək. Amma idxal məhsullarında qiymət artımı həmin dönəmdə də davam edəcək.  Onun sözlərinə görə, Azərbaycanda keçən ildən real gəlirlər azalıb və ərzaq qiymətləri inflyasiya nəticəsində artıb.
 
"Çörək istehlakına görə Azərbaycan adambaşına dünyada bu göstəricinin ən çox olan ölkələrdən biridir,  İnsanlarımız kasıb lazım olan kalorini ucuz olan çörəkdən aldığından , həm də ənənələrimizdə çörəyin önəmli yer tutduğundan böyük həcmdə çörək istehlak edirik. Son statistikaya görə, Azərbaycan vətəndaşı ildə təxminən 130 kiloqram çörək istehlak edir ki, bu da kifayət qədər böyük rəqəmdir. Dünyada buğda qiymətinin artımı Azərbaycana da təsirsiz ötüşmür. Lakin tək problem dünyada qiymət artımı deyil,  eləcə də  özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir.  Ölkədə son illər, təqribən, ilə 1 mln. 850 min ton taxıl istehsal olunur, amma bu həcm ərzaq buğdası deyil, keyfiyyətsizdir, əsasən, mal-qara üçün yem kimi istifadə olunur. Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30%-ni ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də, Rusiyadan alırıq", - deyə ekspert bildirdi. 
 
İqtisadçının sözlərinə görə, çörəyin qiymətinin artması hazırda psixoloji olaraq digər məhsulların qiymətinin bahalaşmasına təsir edə bilər.
 
"Un məmulatlarının qiyməti artdıqca ənənəvi olaraq  digər ərzaq məhsulların da qiymət artımı baş verir. Çünki, çörək strateji məhsuldur. Hazırda ərzaq məhsullarının qiymətlərinin bahalaşmasına dünyada gedən proseslər və ölkəmizdə rəqabət mühitinin olmaması səbəb olur. Ölkəmizdə ərzaq inflyasiyası çox sürətlə gedir. Hətta rəsmi rəqəmlərdə belə 15 faiz ərzaq inflyasiyasının olduğu görünür.  Normal indiqatorlarla hesablasaq bu rəqəmlərin iki dəfə artıq olması üzə çıxa bilər. Təəssüf ki, bizdə alternativ stastistik məlumatları əldə etmək imkanı yoxdur. Ona görə də, rəsmi statistik rəqəmlərlə kifayətlənməli oluruq. Ərzaq infilyasiyası ölkəmizdə sürətlə getməkdədir", - deyə Cəfərli vurğuladı. 
 

2021-ci ildə Azərbaycanda 595 min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. Buğdanın əkin sahəsində ötən il ilə müqayisədə 1,1 faizlik artım müşahidə edilib.  2021-ci ildə ölkə üzrə buğda istehsalı isə 1,9 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin 2020-ci ildə hazırladığı ərzaq balansı məlumatlarına görə , Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, bu da onu deməyə əsas verir ki, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir.
 
Buğda istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 2024-cü ilin yanvarın 1-nə qədər ƏDV-dən azad edilib ki, bu da unun maya dəyərinin aşağı olmasına xidmət edir. Bundan əlavə, un və buğdanın hər tonunun ixracı üçün 200 dollar həcmində ixrac rüsumu tətbiq edilir. Ölkədə buğda ehtiyatlarının lazımi səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. 2021-ci ildə taxıl sahələrinin hər hektarına verilən subsidiya buğda əkininin maya dəyərinin təxminən 35-40 faizinə bərabər olub. 2022-ci ildən isə hektara subsidiyanın məbləği artaraq 210 manat təşkil edəcək. 



Nazirlər Kabinetinin "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarı ilə aidiyyatı dövlət orqanlarına ölkəmizdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılması barədə tapşırıqlar verilib.Həmin tapşırığın icrasına məsul olan qurumlar tərəfindən Dövlət Taxıl Fondunun fəaliyyətinin təkmilləşdirilməsi və daşıma xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər hazırlanıb və məqbul hesab edilib. Bununla yanaşı, yerli təsərrüfatlar tərəfindən istehsal olunan buğdanın keyfiyyət göstəricilərinə görə subsidiya verilməsi ilə bağlı təklif edilən mexanizmin əvəzinə Dövlət Taxıl Fondu tərəfindən yerli fermerlərin, xüsusilə də iri təsərrüfatların istehsal etdikləri buğdaya görə əlverişli tədarük qiymətlərinin tətbiq edilməsi və dövlət-özəl tərəfdaşlığı mexanizmləri hesabına ərzaqlıq buğda istehsalının artırılması tədbirlərinin görülməsi daha məqbul hesab edilir. Nəticə etibarı ilə bütün bu tədbirlər daxili bazarın etibarlı təminatına yönəlibdir.
 
Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci ilin fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilib. Azərbaycanda un istehlakı 2020-ci ildə adam başına orta hesabla 84,4 kiloqram olub ki, bu da buğda istehsal edən ölkələrlə müqayisədə yüksək göstəricidir. Belə ki, inkişaf etmiş ölkələrdə adambaşına un istehlakı il ərzində 55-65 kiloqram arasında dəyişir.
 
Bütün bu sadalananlara rəğmən niyə Azərbaycan özünü yerli istehsal hesabına ödəyə bilmir və xarici bazardakı qiymətlər ölkəyə çox təsir edir?

Hökümət unun bahalaşmaması üçün addımlar atdı, lakin bunlar yetərsizdir, bunu iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli çörəyin qiymət artımını şərh edərkən deyib.

"Dünyada ərzaq qiymətləri bahalaşıb, lakin bundan başqa da səbəblər var ki, onlara görə Azərbaycanda bahalaşma gedir. Əvvəla, kənd təsərrüfatında hökümət tərəfindən işlər düzgün qurulmur, ayrılan dövlət vəsaitin şəxsi resurs kimi istifadə edilir. Azərbaycan höküməti uzaqgörən olsa idi, ölkəyə un idxal edərdi, çünki aldığımız buğdaya əlavə dəyər vergisi tətbiq olunsa da, bu una edilmir. Ona görə unu xaricdən alaraq qiyməti stabil saxlamaq olardı və Rusiyada Azərbaycana un satmağa maraqlı xeyli satıcı var. Lakin Azərbaycan höküməti keçən il yarımçıq qərar qəbul etdi, ölkədə olan un istehsalçılarına subsidiya tətbiq etdi. Amma bu subsidiya heç bir effekt vermədi, istehsalı artırmaq gücünə malik olmadı. Yerli istehsalçılara subsidiya verirlər, ancaq xammal xaricdən gəlir. Halbuki yerli deyilirsə 80 faizdən az olmayaraq Azərbaycanda istehsal olunmalı idi. Gətirilmə xərcləri də azaldıla bilərdi, Rusiyadan dəmiryolu ilə un gətirilsə bu gün bazarda qiymət artmayacaqdı. Hökümət suvarma sistemini düzgün təşkil etmədiyi üçün regionlarda torpaqlar şoranlaşıb, insanlar taxıl əkə bilmir, daxili məhsul azalır", - deyə o əlavə etdi. 


İqtisadçının sözlərinə görə,  bütün ölkələr belə böhranlarda vətəndaşlarını düşünərək idxal xərclərini və rüsumları aradan qaldırır, ən azından minimuma endirirlər. 

"Hökümət vətəndaşının sosial tələblərini qarşılamalı, onu razı salmaq üçün çalışmalıdır. Lakin Azərbaycanda bunu etmədilər, monopolist şirkətlər qazandı, ona görə də xalq indi çörəyin qiymətindən haqlı olaraq narazıdır. Azərbaycan özünün taxıl istehsalınıgücləndirənə kimi rüsumlardan azad etməli, un idxal etməyə üstünlük verməlidir. Vurğulayım ki, dünyada qiymət artımı var, amma hər yerdə  Azərbaycandakı kimi belə sürətli getmir", - deyə Nazim Bəydəmirli vurğuladı. 
 

 
Azərbaycanda istehsal olunan buğdanın bir qismi texniki məqsəd ilə istifadə olunduğu üçün xaricdən idxal etməyə məcbur qalır, bunu iqtisadçı ekspert Asif İbrahimov anews.az-a açıqlamasında bildirdi.
 
"Azərbaycan ən böyük idxalı Rusiya, Ukrayna və Qazaxıstandan edir. Buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. 2021-ci ilin yanvar-noyabrında buğda idxalı 1 milyon tondan çox olub, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,5 faizdən çox azalma deməkdir. Ölkəyə Rusiyadan idxal olunan buğdanın 2021-ci ilin dekabr ayında 1 tonunun orta aylıq ixrac qiyməti 338 ABŞ dolları olmuşdur ki, bu da 2020-ci ilin dekabr ayı ilə müqayisədə 33 faiz yüksəkdir. Rusiyada keçən ilin martından ölkədən çıxan dənli hər tonuna əlavə ödəniş tələb edilməyə başladı ki, bu da maya dəyərini artırdı və istəmsizcə ölkəmizə buğdanın baha gəlməsi ilə nəticələndi. Qazaxıstanda qiymətlər aşağı idi. Lakin bu aşağı qiymət tələb-təklifə təsir göstərdi. Qazaxıstan ilə həmsərhəd ölkələr bitki istehsal etməyərək idxalı artırdı. Hər iki ölkədən baha gəldiyi üçün Azərbaycanda un və çörəyin qiymət artımı təbii iqtisadi faktordur. Hətta Azərbaycan ilk vaxtlarda qiyməti artırmamaq üçün müəyyən subsidiyalar tətbiq etdi, çıxış yolları axtardı. Lakin gəlişi baha olan istənilən məhsulda qiymət qalxır. İnsanların narazılığını azaltmaq, qiymətləri aşağı salmaq üçün isə buğda istehsalı artırmaq gərəkdir. Ötən il yanacağın və digər kommunalların qiyməti qalxdı, gömrük rüsumlarında dəyişiklik oldu. Qiyməti aşağı salmaq üçün bu kimi istehsal xərclərini azaltmaq, fermerlər arasında dənli bitki istehsalına maraq oyatmaq lazımdır. Atılan iqtisadi addımları yenidən gözdən keçirmək lazımdır", - deyə iqtisadçı məlumat verdi. 
 
Buğdada və çörəkdə qiymət artımının qarşısının alınmasının ən əlverişli üsulu daxili istehsalı artırıb, xarici bazardan asılılığı azaltmaqdır, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov anews.az-a açıqlamasında bildirdi. 
 
"Taxıla olan tələbin bir hissəsi idxal hesabına ödənir. 2021-ci ilin 11 ayında Azərbaycan  bir milyon tondan artıq buğda idxal edib  və bu  məhz həmin idxal üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi deməkdir. 2020-ci ilin müvafiq dövründə isə 1,2 milyon ton buğda idxal olunub və həmin məhsulun idxalına 262 milyon dollara yaxın vəsait ödənmişdi. Rəqəmlərin müqayisəsi göstərir ki,  idxal qiymətlərində artımları var ki, bu da daxili bazarda paralel olaraq qiymətlərin yüksəlməsi ilə nəticələnir. Biz qiymət artımlarının qarşısının alınması və optimallaşması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik. Əvvəla, taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və bu bitkini istehsal edən fermerlərə daha çox subsidiya verilməsi məqsədəuyğun olardı. Nəzərə alsaq ki, taxıl, buğda strateji əhəmiyyət daşıyır buna görə subsidiyaların məbləğində fərq var, lakin buna baxmayaraq istehsal həcminə uyğun olaraq o məbləğin artırılması düzgün addım olar. Nəticə olaraq keyfiyyət meyarını diqqətdə saxlamaq ilə istehsalın genişlənməsinə nail olmaq olar. Eyni zamanda, daxildə istehsal edilən buğda və taxılın xərcini azaltmaqla qiymət artımının qarşısının alınması səbəb olacaq və bütövlükdə bazardakı qiymətlərin optimallaşmasına gətirib çıxaracaq. İşğaldan azad olunmuş ərazilərimizin taxıl istehsalı baxımının böyü potensialı var. Füzuli, Ağdam və digər bir sıra işğaldan azad olunan rayonlara erməni tapdağına keçənə kimi taxıl istehsal edilən aparıcı bölgələr idi.  Həmin rayonlarda da taxıl istehsalının intensiv təşkil edilməsi və həmin rayonların əvvəlki kimi bu bitki istehsalı üzrə aparıcı rayona çevirmək məqsədəuyğundur. Ermənistan vaxtilə qanunsuz olaraq həmin torpaqlarımızdan il ərzində təxminən 190 min tonadək taxıl toplayıb. Ona görə də həmin ərazilərin minadan təmizləmə işləri ilə paralel olaraq taxıl əkinini o ərazidə genşləndirmək lazımdır. Bu istiqamətdə işlərin davamlı təşkilinə ehtiyac var ki, yerli istehsal köməyi ilə daxili taxıl fondunun həcmini genişləndirmək mümkün olsun.  Azərbaycanda hər bir ailə demək olar ki hər gün çörək istehlak edir. Həm də çörəyin qiyməti strateji əhəmiyyət daşıyır. Ona görə də qiymət artımının qarşısının alınması məqsədəuyğundur", - deyə ekspert bildirdi. 


 
Beynəlxalq Taxıl Şurasının (IGC) taxıl bazarı üzrə son proqnozlarına görə qlobal buğda istehsalı 2021/2022 marketinq ilində 2020/2021 marketinq ilinə nisbətən 0,5 faiz artaraq 777 milyon ton olacaq, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov "Qlobal buğda böhranı və Azərbaycana təsirləri” mövzusunda yazdığı məqalədə bildirib.

"Buğda istehlakına gəldikdə isə onu deyə bilərik ki, bu sahədə müşahidə edilən son illərin göstəriciləri istehsal ilə müqayisədə daha yüksək artım tempinə malikdir. Belə ki, əgər 2019/2020 marketinq ilində dünya üzrə buğda istehlakı 745 milyon ton olmuşdusa bu 2020/2021 marketinq ilində 3,5 faiz artaraq 771 milyon ton olub. Gələcək ilə bağlı proqnozlar da buğda istehlakının dünya üzrə kəskin artacağını qeyd edir. Belə ki, 2021/2022 marketinq ilində qlobal buğda istehlakının 782 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 1,5 faizlik artım deməkdir.
Baxmayaraq ki, qlobal buğda ehtiyatlarında (carryover stocks) son marketinq illəri üzrə müqayisə 0,7 faizlik artım göstərir, ehtiyatlarda 2021/2022 marketinq ilində əvvəlki illə müqayisədə 1,5 faizə qədər azalma müşahidə ediləcəyi proqnozlaşdırılır. Bu da buğda ehtiyatlarından istifadənin artması deməkdir. Azərbaycandan da artım ola bilər. 1990-cı ilə qədər ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının təxminən 40 faizə yaxını məhz keçmiş Qarabağ iqtisadi rayonunun payına düşürdü. Ümumilikdə isə 250 min hektardan çox əkinə yararlı torpaqların böyük bir hissəsi taxılçılıq üçün istifadə edilirdi.  İstehsal edilən taxıl isə ölkənin ümumi istehsalının 14,3 faizini təşkil edirdi. Bunları nəzərə alaraq, demək olar ki, orta və uzunmüddətli perspektivdə işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması ölkənin buğda ilə özünü təminetmə səviyyəsini mövcud 57 faizdən 65 faizə qədər artıra bilər", - deyə məqalədə bildirilib.
 
Azərbaycan ilə sərhəd ölkələrdə də çörəyin qiymətində artım müşahidə olunur. Gürcüstan hökumətinin proqramına görə, iyun ayının sonuna kimi birinci dərəcəli 50 kiloqramlıq buğda ununun kisəsinə 20 larilik (11 AZN) subsidiyanın ləğvindən sonra  yarım kiloqramlıq "sosial" adlanan çörəyin qiyməti təxminən 15 tetri (27 qəpik) bahalaşaraq 1 lariyə ( 55 qəpiyə) çatıb. Ermənistanda  ötən ilin sentyabrından çörəyin qiyməti 30-50 dram (11-18 qəpik) bahalaşıb və yarım kiloqramlıq "Matnakaş" çörəyinin qiyməti 350 drama (1,25 AZN) çatıb. Ondan daha azçəkili olan çörək əvvəlki 110 dram əvəzinə 140-150 drama (55 qəpiyə) satılır.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək həddinə çatıb. Ən böyük ixracatçılar olan Kanada, Çin və Rusiyada məhsul həcmlərinin aşağı olmasına görə buğdanın qiyməti 40 faizədək bahalaşıb. Ərzaq məhsullarının bahalaşmasına bir sıra amillər, o cümlədən təchizatın pozulması, yüksək əmtəə qiymətləri, bəzi istehsal müəssisələrinin bağlanması və siyasi gərginlik təsir göstərilir.
 
El arasında bir deyim var ki, "çörəyi ver çörəkçiyə, birini də üstəlik". Amma görürən odur ki, qarşıdakı zaman kəsimində nəinki kiməsə çörək vermək olmayacaq, insanlar arasında özləri üçün çörək almağa çətinlik çəkənlər tapılacaq. 
 
Ləman Qasımova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti