Xəbər saytlarında reklamların yayımına məhdudiyyət qoyulmalıdır - Millət vəkilindən TƏKLİF

18:54 | 07.10.2023
Xəbər saytlarında reklamların yayımına  məhdudiyyət qoyulmalıdır - Millət vəkilindən TƏKLİF

Xəbər saytlarında reklamların yayımına məhdudiyyət qoyulmalıdır - Millət vəkilindən TƏKLİF

İnformasiya əldə olunan mənbələrdə reklamlara müəyyən məhdudiyyətlər qoyulmalıdır. Bunu deputat Hikmət Babaoğlu  Milli Məclisin oktyabrın 2-də keçirilən plenar iclası zamanı çıxışında deyib. 
 
"Reklam haqqında" qanuna yenidən baxmağı təklif edirəm. Son dövrlər agentliklərdə, informasiya portallarında xəbər oxumaq mümkün deyil. Qarşımıza çoxlu reklamlar çıxır. Nəticədə reklam bizi idarə edir. Düşünürəm ki, qanuna dəyişiklik etmək, müəyyən məhdudiyyətlər qoymaq lazımdır. Elə etmək lazımdır ki, reklamçıların da hüququ qorunsun", - deputat bildirib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, mediada reklamın verilməsinə məhdudiyyətin qoyulması istehlakçıların mal və informasiya almaq hüququnun pozulmasına səbəb ola bilər. 

"Reklam bazarı Azərbaycanda bərbad vəziyyətdədir. Reklam istehlakçıları cəlb etsə də, özünü doğrultmur, çünki yalançı reklamlar həddindən artıq çoxdur”, -  AİB sədri əlavə edib.
 
Hüseynov bildirir ki, reklam haqqında qanunda çatışmazlıqlar var.

"Reklam haqqında qanunda çatışmazlıqlar var. Mal sponsor rolunda ola bilməz. Buna baxmayaraq görürük ki, televizyalarda, ən yaxşı medialarda qurd dərmanları, bezlər və s. sponsor kimi reklam olunur. Bu biabırçılıqdır. Düşünürəm ki, Hikmət Babaoğlu gərək belə məsələlərə toxunsun”, - o deyib.

AİB sədri qeyd edir ki, media reklam ilə dolanır və dolanmalıdır. 

"Mən deputatın fikri ilə razı deyiləm, mediada reklam olmalıdır. Bu reklam isə öz növbəsində keyfiyyəti ilə seçilməli, qanunauyğunluq məsələləri təqib olunmalı və izlənməlidir”, - Hüseynov vurğulayıb.

Media üzrə hüquqşunas Ələsgər Məmmədli bildirib ki, reklam media üçün bir növ yaşama mənbəyi halına gəlib.

"İstənilən media fəaliyyəti, ya da sosial şəbəkə fəaliyyəti ayaqda qalmaq üçün reklamlara yer verir, buradan gələn gəlir hesabına onların xərcləri qarşılanır. Reklam media üçün bir növ yaşama mənbəyi halına gəlib”, - o deyib.

Hüquqşünas hesab edir ki,  medianın müstəqil olması üçün reklam çox önəmli resursdur. 

"Medianın müstəqil olması üçün reklam çox önəmli resursdur. Medianın ayaqda dura bilməsi üçün reklam lazım olan mənbədir. Reklamı olmayan bir media resursu haradansa almalıdır. Bu da medianı hər hansı bir siyasi, kommersiya tərəfdən asılı edəcək. Beləliklə də o öz maliyyə müstəqilliyini itirmiş olacaq ” , - Məmmədli vurğulayıb.

Onun sözlərinə görə, reklamları bütövlükdə yığışdırmaq nə məntiqli bir davranışdır, nə də  mümkün olacaq işdir. 

"Reklamları bütövlükdə yığışdırmaq nə məntiqli bir davranışdır, nə də ki, mümkün olacaq şeydir. Biz digər aspektdən yanaşıb daha savadlı istifadəçi olub reklamlarla rastlaşmamaq üçün qarşıya çıxan pəncərələri bağlaya və qəbul etməyə bilərik. İstifadəçi əgər maariflidirsə, bu problemlərlə daha az qarşılaşacaq. O, öz kompüterini elə qurur ki, reklamlar ona təqdim olunmur, təqdim olunanlar isə onun kontentini pozmur, yaxud da məhdud formada öz auditoriyasını seçir və hər reklam onun qarşısına çıxmır. Bunun üçün media savadlılığı önəmlidir”, - hüquqşünas əlavə edib.

Media məsələləri üzrə ekspert Emin Hüseynzadə qeyd edir ki, i reklama nəzarət olarsa reklam bazarına arxalanan medialara ziyan dəyəcək.

"Reklam gəlir yeridir. Biz reklamın qarşısın almaqla yalnız mediaya ziyan vururuq. Niyə məqsədli şəkildə xəbər saytlarından söhbət gedir? Məncə, bu uzun müddətdir düşünülən texnologiyadır, texniki olaraq onillərdir ki, var və ayrıca qanuna ehtiyac yoxdur”, - ekspert deyib.

Hüseynzadə bildirir ki, istənilən brauzerdə, istənilən ekranda reklamı dayandıran tətbiqlər, proqramlar, digər texniki vasitələr var. 

"İstənilən brauzerdə, istənilən ekranda reklamı dayandıran tətbiqlər, proqramlar, digər texniki vasitələr var. Onlardan istifadə etmək reklamları görməməyə kifayət edir”, - o əlavə edib. 

Ekspert deyir ki, əgər xəbər platformalarında reklamların idarə olunmasını nəzərdə tutulursa, bu birbaşa saytların digər platformalarına keçməsinə səbəb olacaq.

"Reklamlar yalnız xəbər saytlarında olmur. "Teleqram", "Youtube” səhifələrində də reklamlar öndə gedir. Əgər xəbər platformalarında reklamların idarə olunmasını nəzərdə tutulursa, bu bir başa saytların digər platformalarına keçməsinə səbəb olacaq.  Sonuncu məqam ondan ibarətdir ki, reklamlar yalnız vizual olmur. Fləş, video, yazılı reklamlar da çoxdur. Onlar da ekranın böyük bir hissəsini tutur. Çox vaxt onun reklam olduğunu bilmək olmur. Bunlar da idarə olunmaya düşəcək? Bu olduqca qəliz məsələdir. Bir sıra media qurumları reklam, PR mətinləri və s. çap edirlər. Belə olan halda ayrı-seçkilik olacaqmı? Bunlar sual doğuran məsələlərdir”, - Hüseynzadə vurğulayıb. 

Azərbaycan reklam haqqında qanuna görə əmtəə sponsor qismində göstərilə bilməz. Sponsor reklamı – şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır və yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu, qaçan sətirlə göstərilməklə, vizual yaxud audio vasitələrlə təqdim oluna bilər.

Aygün Mirakif


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM