Rəşad Camal: "Dələduzların qarşısı alınmalıdır, eTicarətin yox" - MÜSAHİBƏ

15:47 | 04.02.2015
Rəşad Camal:

Rəşad Camal: "Dələduzların qarşısı alınmalıdır, eTicarətin yox" - MÜSAHİBƏ

Shopera.Az online mağazanın sahibi Rəşad Camalın ANN.Az saytına müsahibəsi

- Rəşad bəy, son vaxtlar Azərbaycanda eTicarətin adı daha tez-tez çəkilməyə başlayıb. Bu sahənin ən fəal təbliğatçılarından və bazar iştirakçılarından biri kimi, necə düşünürsünüz, Azərbaycanda eTicarətin hansı perspektivləri var?

- Bəli, eTicarət Azərbaycanda son zamanlar sürətlə inkişaf edir. Bu da  gözlənilən nəticə idi. Bütün dünyada eTicarət öz zirvəsini yaşayır. Bu da onu deməyə əsas veriri ki, yaxın 2 il ərzində pərakəndə ticarətin çox böyük bir hissəsini eTicarət tutacaqdır.  Azərbaycanda elektron ticarətin çox boyuk perspektivləri var. Artıq 1 milyona yaxınlaşan taksit kart bazarı, 2.5 milyondan çox kart bazarı bizə bunu deməyə əsas verir.

Ancaq burda məsələnin bir neçə tərəfi var. Mən sizin vasitənizlə də bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bu günlərdə xarici eTicarət saytlarından alınan malların gömrükdə saxlanılması məsələsi gündəmə gəldi. Amma buradakı məsələ fərdi insanların gömrükdən 1000 dollar həcmində məhsulu vergisiz keçirməkdən irəli gəlmirdi. Dövlətimizin verdiyi qərardan (1000 dollara qədər olan vəsait gömrük rüsumu olmadan ölkəyə daxil ola bilər) bəzi fırıldaqçılar və işbazlar sui-istifadə edərək ölkəyə qaçaqmalçılıq yolu ilə telefonlar və digər məhsullar gətirirdilər. Bunları B2B, B2C,  C2C və  private shopping kimi bölmək olar. Azərbaycandakı «işbazlar» B2C kimi fəaliyyət göstərən saytlardan dostlarının və qohumlarının adına alış edib onu balaca şirkətlərə və ya özlərinin tapdığı müştərilərə satmağla məşğul idilər. Bu da  nəinki Azərbaycanda, dünyanın hər bir yerində yolverilməz hadisədir. Bunun adı qaçaqmalçılıqdır. Elektron Ticarət qaçaqmalçılıq deyil!
Son baş verən ajiotaj da bundan irəli gəlir. Amerika artıq kəşf edilib və onu yenidən kəşf etmək lazım deyil. Dünya bu probləmlərlə illər öncə qarşılaşıb və həllini tapıb. eTicarətlə məşğul olan dələduzların qarşısı alınmalıdır, eTicarətin yox!

- Sizcə eTicarətin inkişafı üçün hansı qanunların qəbul olunması və ya güzəştlərin tətbiqinə ehtiyac var?

- Bir az öncə sadaladığım problemlərin olmaması və Azərbaycanda əsl elektron ticarətlə məşğul olan şirkətlərin inkişafı üçün belə bir model təqdim edirəm: Hər adama bir il ərzində xarici pasport qeydiyyatı ilə cəmi bir ədəd telefon gətirilməsinə icazə verilə bilər. Və eyni zamanda telefonun ölkə daxilində qeydiyyatdan keçirilməsi 50-70 AZN arası məbləğdə olmalıdır ki, biz, yerli elektron ticarətçilər xarici elektron ticarətçilərlə rəqabət apara bilək. Əks halda biz nə "Amazon"la, nə "eBay"la,  nə də başqa bu kimi saytlarla rəqabət apara bilmərik. ABŞ-da eTicarətin inkişafı üçün qanun tətbiq edərək, elektron ticarəti 3-5 illik vergidən azad edirdilər. Düşünürəm ki, belə bir qanunun bizdə də tətbiqi elektron ticarətin sürətlə inkişafına gətirib çaxaracaq.

- Rəhbəri olduğunuz Shopera.az-ın təşkilatçılığı ilə ötən ilin iyun ayında düzənlənən məşhur eTicarət tədbiri hələ də yaddaşlardadır. Türkiyə nəhənglərinin iştirak etdiyi bu master class-lar istər bizim, istər qardaş ölkənin mediasında geniş işıqlandırıldı. Həm də iki ölkənin e-ticarət imkanlarını müqayisə etmək imkanı yarandı. Bu müqayisə hansı mənzərəni üzə çıxarır?


- Bəli, tamamilə doğru buyurdunuz. Keçən ilin iyun ayında Türkiyənin məşhur "Hepsiburada", "Markafoni", "Sahibinden.com" kimi şirkətlərinin, "Doğan Online", "Garanti Bankası" və "Google"-un rəsmi nümayyəndələrini Azərbaycana dəvət etdik. Onlar Turkiyə eTicarət bazarının 2013-2014-cü illərdə olan nəticələrini bizə açıqladılar və biz iki bazarı istehlakçı yönündən müqayisə etməyə çalışdıq. Çünki Turkiyə kart bazarı penetrasyonunda Avropada ikinci yerdədir. Təbii ki, əhalinin sayına görə dövriyyələrdə çox fərq var, ancaq istehlakçı müqayisəsində Azərbaycan istehlakçısı heç də geridə qalmır. Müqayisədən çox, biz belə bir analiz apardıq ki, Azərbaycan bazarı  5 il bundan öncəki Türkiyə bazarına bənzəyir. Bizim indi qarşılaşdığımız problemləri Türkiyə eTicarəti də 5-6 il öncə yaşayırdı. Lakin onlar bu məsələni  həll etdikdən sonra eTicarət Türkiyədə dünyanı belə şoka salacaq sürətlə irəliləyir. Bu da venture capital, investisiya fondlarının, xarici biznesmenlerin, yatırımçıların Türkiyəyə axınına səbəb oldu. Ancaq mən keçən ilin iyun ayında verdiyim müsahibədə də qeyd etmişdim ki, 2015 eTicarət ili olacaq. Mən əminəm ki, yaxın 2 ildə Azərbaycandakı eTicarətin inkişafı da xarici venture capital-ın, investisiya fondlarının, xarici yatırımçıların diqqətini çəkəcək. eTicarət dünyanın yeni biznes trendidir. Bu trenddən kənarda qala bilmərik.  Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayır ki, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu sahənin inkişafında cənab Prezidentin dəstəyini yüksək qiymətləndirmək lazımdır. Buna misal, Yüksək Texnologiyalar Nazirliyinin nəzdində
 yaradılmış İKT fondunu, texnoparkları göstərmək olar. Cənab nazir Əli Abbasovun da kiçik və orta sahibkarlara diqqəti və qayğısını gözardı etməmək lazımdır.  
Qeyd etdiyiniz kimi,  bu tədbir Türkiyənin bir çox saytlarında, biznes jurnallarında və qəzetlərində müsbət müzakirələrə səbəb oldu. Sevindirici məqamlardan biri "Garanti Bankası" nümayındəsinin Azərbaycan eTicarət bazarı üçün verdiyi müsbət proqnozdur. O öz çıxışında və açıqlamalarında Azərbaycan eTicarət bazarının investisiyaya tam hazır olduğunu və investisiya üçün ən doğru yatırım ediləcək ölkələrdən biri kimi dəyərləndirib.

- Bu ay Bakıda növbəti geniş tədbiri keçirməyə hazırlaşırsız. Bu haqqda bir az ətraflı məlumat verə bilərsinizmi?


- Bəli, biz keçən ilin iyun ayında keçirdiyimiz eTicarət master class-dan sonra ETİ-elektron ticarət icması qrupunu yaratdıq və növbəti ikinci tədbirimiz olaraq ilk dəfə «Elektron Ticarət Zirvəsini» keçirməyi planlayırıq. Tədbiri keçirtməkdə məqsədimiz online və offline pərakəndə sektorunu, bank sektorunu, ödəmə sistemlərində çalışan, yəni bu bazara aid olan mütəxəsissləri bir araya gətirib müzakirə aparmaqdır. Müzakirəmizin əsas istiqaməti  2014-cü ildəki Azərbaycan eTicarəti və 2015-ci il üçün eTcarətlə bilavasitə bağlı olan şirkətlərin strategiyaları olacaqdır.  Biz 2015-ci il üçün bir neçə böyük offline pərakəndəçinin eTicarətə addım atacağını düşünürük. Və hətta bəzi böyük offline pərakəndəçilər «eTicarıt Zirvəsində» rəsmi olaraq 2015-ci ildəki eTicarət konsepsiyalarını və strategiyalarını təqdim edəcəklər. Sizin media vasitəsi ilə də eTicarətlə maraqlananları bu önəmli tədbirə dəvət edirəm.

Orxan
ANN.Az
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti