ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistana təhvil verilmiş Qevorkyan ailəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə təbliğat vasitəsinə çevrilməsini şərh edərkən deyib.
H.Hacıyevin sözlərinə görə, Qevorkyan ailəsi Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il bundan əvvəl Azərbaycana üz tutmuş və üçüncü ölkəyə keçmək niyyətində olub: " Ailənin başçısı Yegişe Gevorkyan kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməyib”.
XİN rəsmisi bildirib ki, Azərbaycanda olduğu müddətdə Qevorkyan ailəsi münasib mənzil, qida və lazımı həyat şəraiti ilə təmin edilib: "Qevorkyan ailəsinə daimi əsasda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən baxış keçirilmiş, onların saxlama şəraitindən həmişə razılıq ifadə edilmiş və ölkəmiz tərəfindən göstərilən bu humanizm yüksək qiymətləndirilib. Ermənistanda aparılmış tibbi müayinələr də ailənin tam şəkildə sağlam olduğunu sübut edib.
Ermənistana təhvil verildikdən sonra Yegişe Qevorkyan və onun ailə üzvlərinin Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində məcburi ictimai ifadələrə vadar edildikləri açıq şəkildə görünür. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilmiş Ermənistan vətəndaşları bu kimi işgəncələrə və uzun müddət Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediliblər. Təəssüflər olsun ki, Yegişe Qevorkyan ailəsi də Ermənistanda bu faciə ilə üzləşib".
H.Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyət, hüquq müdafiəçiləri Ermənistanın bu kimi qeyri-insani əməllərinə, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4000 nəfərdən artıq azərbaycanlının taleyinə və soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə və onların məruz qoyulduqları işgəncələrə biganə qalmamalıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !