Rəsmi Bakıdan Ermənistana aeroport xəbərdarlığı

10:38 | 02.07.2014
Rəsmi Bakıdan Ermənistana aeroport xəbərdarlığı

Rəsmi Bakıdan Ermənistana aeroport xəbərdarlığı

Azərbaycan XİN: “Erməni tərəf anlamalıdır ki, bu cür təxribatlar yalnız və yalnız münaqişənin həllini olduqca təhlükəli bir məcraya yönəldir”; Elman Abdullayev: “Ermənistanın Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində olmasaydı, belə bir gərginlik, insan tələfatı mövcud olmaz, belə təhlükəli vəziyyət yaranmazdı” 
Azərbaycanın Ermənistanla bütün təmasboyu nöqtələrində gərginliklərin yaşandığı bu günlərdə həm Rusiya, həm də Qərbin danışıqların növbəti raunduna start verilməsi istiqamətində cəhdləri diqqət çəkir. 
Sanki bu gün məlum hadisələr səbəbindən bir-birinə qarşı duran sözügedən tərəflər Qarabağ məsələsində əsas söz sahibi, təşəbbüsçü olmaq üçün yarışa başlayıblar. Belə ki, Rusiya XİN-in başçısı S.Lavrovun bölgəyə səfərinin ardınca Vaşinqtondan çağırış gəlib. ABŞ Bakı və İrəvanı Qarabağda sülh prosesini canlandırmağa çağırıb.
Yüksək vəzifəli amerikalı diplomat Azərbaycanla Ermənistanı Qarabağ nizamlanması üzrə danışıqları canlandırmağa çağırıb. "Turan"ın Vaşinqton müxbirinin məlumatına görə, bu bəyanatla ABŞ dövlət katibinin köməkçisinin müavini Brent Hartli çıxış edib. “Ümid edirik ki, Ermənistan və Azərbaycan prezidentləri Fransa prezidenti Ollandın təklifini qəbul edərək yaxın vaxtlarda Parisdə görüşəcəklər. İsveçrə prezidenti Burkhalterin danışıqları daha konkret etmək barədə çağırışı ”tərəflərin sülh prosesini irəlilətməsinə imkan verir", - Hartli Vyanada ATƏT-in illik konfransında bildirib.
Tərəflər arasında xalq diplomatiyası üzrə səylər də “davamlı nizamlanmaya, iki ölkə vətəndaşlarının sülhə hazırlanmasına  yardım edə bilər”, - o qeyd edib. Sonra Hartli vəziyyətin nizamlanmasında ATƏT-in təcrübəsini qeyd edib. “Ukraynada böhran bu təşkilatın ATƏT məkanında münaqişələrin həllindəki rolunu təsdiqləyib. Bundan əlavə, aradan qaldırılması vacib olan zəif tərəfləri göstərib.  Biz Avropa təhlükəsizliyi üçün ən aktual problemlərin həlli məqsədilə vacib olan addımları atmağa hazırıq”, - o bildirib və ATƏT-i münaqişələrin həlli məsələsində fəaliyyətini canlandırmağa çağırıb. 
Özünün sülh çağırışlarının və Bakıya Avrasiya İttifaqı ilə bağlı təzyiqlərinin ardınca Moskva yenə də Ermənistanın əli ilə Azərbaycanı təhdidə başlayıb. Bu arada Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında genişmiqyaslı komanda qərargah təlimlərinə başlanıb. "Trend"in “Mediamaks” agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlər həftənin sonuna qədər davam edəcək. Təlimlərdə 200-dən çox hərbi texnika və 600 hərbçi iştirak edir. Alagəz və Kamxud təlim-məşq komplekslərində keçirilən təlimlərə tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar və artilleriya cəlb olunub. Hərbi təlimlərdə HHM BUK-M1-2 və S-300V kompleksləri, həmçinin MiQ-29 təyyarələri və pilotsuz uçuş aparatlarının eskadrilyası da iştirak edir.
Situasiyanı Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayevlə müzakirə etdik:
- Elman bəy, ABŞ diplomatının dedikləri yüksək səviyyədə görüşlərin anonsu sayıla bilərmi? Belə demək olarmı ki, növbəti görüşə prinsipial razılıq verilib?
- Biz dəfələrlə bildirmişik ki, görüşü görüş xətrinə keçirmirik. Biz görüşlərdə nəticə olmasını istəyən tərəfik. Təbii ki, keçirilən görüşlərdə məqsədyönlülük, hədəfyönlülük bizim üçün önəmlidir. Ermənistan tərəfindən fərqli olaraq biz görüşlərdə konkret təkliflərlə və istiqamətlərlə çıxış edirik, həmsədrlər də bunun şahididir. Biz dəfələrlə konkret olaraq bildirmişik ki, münaqişənin həllində yenilənmiş Madrid prinsipləri baza kimi götürülə bilər. Bu baxımdan münaqişənin həlli prosesinin yerindən tərpədilməsi üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. 
- Bu yaxınlarda Xocalı aeroportunda ilkin uçuşlara start verilməsinin görüntüləri  yayıldı. Rəsmi Bakı bununla bağlı hansı addımlar atıb? 
- Ermənilər dəfələrlə bu cür təxribatları mətbuat vasitəsilə yayır. Ancaq erməni tərəf anlamalıdır ki, bu cür təxribatlar yalnız və yalnız münaqişənin həllini olduqca təhlükəli bir məcraya yönəldir. Bir daha bəyan edirik ki, bu, təhlükəli prosesdir, təxribatdır və münaqişənin həllinə xələl gətirməyə yönəlib.  
- Ancaq Ermənistan istənilən halda bu təxribata getməyə qərarlı görünür. Elə isə Bakı qanunsuz uçuşların qarşısını almaqdan ötrü hansı təsir rıçaqlarına malikdir? 
- Əgər xatırlayırsınızsa, bir müddət öncə də uçuşlarla bağlı məsələ qaldırılmışdı. Biz bu məsələni beynəlxalq təşkilatlar səviyyəsində müzakirə etdik, bu təxribatların nə qədər təhlükəli olduğunu həmsədrlər vasitəsilə rəsmi İrəvanın diqqətinə çatdırdıq. Minsk Qrupunun həmsədrləri də öz bəyanatlarında Ermənistan tərəfini bu cür addımlardan çəkinməyə çağırıb. Təbii ki, bu məsələ bizim diqqətimizdədir və müvafiq addımlar olacaq. 
- Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlar keçirməsinin ardınca Ermənistan və Rusiya birgə hərbi təlimlərə start verib. Bu gərginlik bölgədə savaşın növbəti mərhələsinin başlamasına gətirib çıxara bilərmi? 
 
- Birincisi, istənilən ölkələr arasında istənilən münasibətlər ola bilər. Amma Azərbaycanın işğal olunmuş ərazisindən keçən cəbhə xətti boyunca hər hansı bir gərginliyin yaranmasının məsuliyyəti bilavasitə Ermənistanın üzərindədir. Çünki bu gərginliyin səbəbkarı yalnız Ermənistandır.  Ermənistanın Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində olmasaydı, belə bir gərginlik, insan tələfatı mövcud olmaz, belə təhlükəli vəziyyət yaranmazdı. İrəvan həm bu vəziyyətin gərginliyindən, həm də beynəlxalq ictimaiyyətin mövqeyindən nəticə çıxartmalıdır. 
 
- Bugünlərdə növbəti dəfə 3 rayonun - Ağdam, Füzuli və Cəbrayılın işğaldan azad ediləcəyi xəbəri yayıldı. Bu istiqamətdə hansısa proses varmı? 
- Mənim bundan məlumatım yoxdur. Amma Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesi barədə mütəmadi şəkildə mətbuat məlumatlandırılır. Bizim mövqeyimiz bu barədə çox aydındır və şəffaf şəkildə ictimaiyyətə təqdim olunur. Danışıqların əsası kimi Madrid prinsipləri götürülə bilər, biz bunu baza prinsipləri kimi qəbul etmişik. Bunun üçün də Ermənistanın Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Bundan sonra təbii ki, etimad yarana bilər. Cənab prezident qeyd etdiyi kimi, etimad tədbirləri Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini tam şəkildə tərk etməsi ilə başlamalıdır. 
- Bu arada Ermənistandan Azərbaycanın Qazax rayonuna da iddialar başlayıb. Bununla bağlı XİN-in beynəlxalq təşkilatlara çağırışı olacaqmı? 
- Rəsmi İrəvanın bəlası və problemi ondadır ki, regiondakı bütün ölkələrə qarşı ərazi iddiası ilə çıxış edir. Ancaq bu ərazi iddialarının heç bir əsası yoxdur. Əgər Ermənistan bu torpaqların kimə mənsub olmağını bilmək istəyirsə, tarixə baxması kifayətdir. Ermənistanın bugünkü əraziləri Azərbaycanın tarixi torpaqlarıdır. Təbii ki, biz bu cür məsələləri beynəlxalq səviyyədə qaldırırıq, xüsusilə də həmsədrlər vasitəsilə. Bu gün də beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, Azərbaycanı da işğal olunmuş əraziləri ilə birgə qəbul edib. Bu gün beynəlxalq ictimaiyyətin qətiyyətsiz və biganə mövqeyi nəticəsində təbii ki, vəziyyət bu həddə gəlib çatıb. Bu durumun səbəblərindən biri də beynəlxalq ictimaiyyətin biganə münasibətidir. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM