Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsveçin xarici işlər naziri Karl Bildtin Vaşinqtonda Atlantik Şurada Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət açıqlayıb. APA-nın məlumatına görə, N. Məmmədov müasir beynəlxalq aləmdə belə siyasətçilərin az olmadığını deyib: “Çox təəssüflər olsun ki, müasir beynəlxalq aləmdə belə siyasətçilər az deyil. Onlar elə düşünürlər ki, nə desələr, hamı qəbul etməli və itaət etməlidir. Amma hələ də başa düşmürlər ki, belə məsuliyyətsiz və səviyyəsiz fikirlərlə dünyanı indiki vəziyyətə onlar salıblar. Bu gün dünyanın müxtəlif ölkələrində baş verən mənfi proseslər, münaqişələr, qeyri-sabitlik və gərginliklər belə siyasətçilərin fikirlərinin və fəaliyyətinin nəticəsidir. Çünki onlar dünyada gedən proseslərin mahiyyətini anlamaqdan uzaqdırlar. Onlar sadəcə tutuquşu kimi bir neçə ifadəni və sözü əzbərləyib, onlardan təzyiq vasitəsi kimi istifadə edərək təkrar etməklə vəzifələrini bitmiş hesab edirlər”. N. Məmmədov K. Bildtin də belələrindən olduğunu bildirib: “O da Füle kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqına girməsini əsaslandırılmış addım hesab edir. Amma özünə sual vermir, bəs niyə bu ölkəni Qonşuluqdan sonra, Şərq Tərəfdaşlığında 3-cü sırada yerləşdirmişdi? Azərbaycanla bağlı isə Karl Bildtin belə ifadə işlətməsinin bir yox, bir neçə səbəbi ola bilər. Birincisi, qeyd edək ki, o bu sözləri Vaşinqtonda işlədib. Yəqin ki, bu da təsadüfi deyil. Çünki onun hələ 1973-cü ildən Vaşinqtonda müəyyən qurumlarla sıx əlaqəsi, hətta informatorluq etməsi haqqında məlumatları “Wikileaks”in materiallarına girmək imkanı olan “Ekspressen” qəzeti bir-neçə il əvvəl yaymışdı. Qəzet yazırdı: “Bildtin İsveç qanunlarına zidd olaraq Amerika Administrasiyası ilə əməkdaşlıq etməsini ifşa edən gizli sənəd var”. İkincisi, Karl Bildt bir neçə il əvvəl Bakıda olanda da görüşü zamanı özünü mentor kimi aparmağa cəhd göstərsə də, tez cavabını alıb, yerinə oturduldu. Ona izah edildi ki, onun Azərbaycanda gedən proseslərə yanaşması, yumşaq sözlə desək primitivdir, həqiqətdən uzaqdır. Üçüncüsü, Karl Bildt özündən çox razı olduğu üçün, iddialıdır. Canfəşanlıq edirdi ki, Avropa Komissiyasında yüksək post tutsun. Deyəsən, bu da alınmır. İddialı siyasətçilərə isə belə şeylər güclü təsir göstərir. Yəqin stress keçirir. Nəhayət Karl Bildt bilməlidir ki, bu gün beynəlxalq aləmdə ən mühüm dəyər ədalətdir. Ədalət olmasa, bütün digər universal dəyərlərin, heç bir mənası yoxdur. Dünyada hər şey ədalət prinsipi pozulanda, qərəzli olanda baş verir. Çexiyanın xarici işlər naziri cənab Şvartsenberq (onun da adı Karldır) də, bir müddət əvvəl Azərbaycanla bağlı qərəzli, əsaslandırılmamış mövqe bildirməkdən çəkinmirdi. Lakin çox çəkmədi ki, Şvartsenberq belə bəyanat və fikirlərinə görə postunu itirdi. Oxşar situasiyaya Karl Bildtin də düşəcəyini istisna etmək olmaz”. Qeyd edək ki, İsveçin xarici işlər naziri Karl Bild Atlantik Şuranın Vaşinqtonda keçirilən toplantısında Azərbaycanda avtoritar rejimin hökm sürməsi səbəbindən bu ölkənin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakının səmimiliyinə ciddi şübhələri olduğunu deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !