Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın bu yaxınlarda Rusiyaya verdiyi notanın mahiyyətinə aydınlıq gətirib.
"Report" xəbər verir ki, bunu o, "Kommersant" qəzetinə müsahibəsində bildirib.
"Bu eyni qəbildən olan birinci nota deyildi. Rusiya bir tərəfdən ATƏT-in Minsk qrupunun həmsədri qismində çıxış edir, digər tərəfdən biz başa düşürük ki, hər bir dövlətin lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var. Notanın mahiyyəti ondan ibarət idi ki, Rusiya Ermənistana silah satarkən, bu silahların Azərbaycanın işğal olunmuş ərazilərinə düşməməsini nəzərə almalıdır. Belə tədarüklərdə son istifadəçi hüququ mövcuddur. Əgər son istifadəçi Ermənistan olsaydı, o zaman məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsində kənara çıxmazdı. Nə zaman ki, silah Azərbaycanın işğal olunmuş ərazilərinə düşürsə, bu artıq başqa məsələdir", - deyə Nazir bildirib.
XİN rəhbəri jurnalistin "istənilən halda bu silahların Dağlıq Qarabağ ərazisinə düşəcək" sözlərinə cavab olaraq bildirib ki, notanın mahiyyəti də məhz bunda olub.
"Notanın mahiyyəti də məhz bunda idi. Nəzərə alsaq ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır, Rusiya silahları işğal olunmuş ərazilərdə olduğu zaman tamamilə məntiqsiz bir vəziyyət yaranır. Rusiya XİN-də Moskvanın sonrakı bəyanatlarında olduğu kimi, tərəfimizdən verilən sənədin tonunu düzgün qəbul etdilər", - deyə nazir əlavə edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !