Rəsmi Yerevan Azərbaycandan itkin düşənlər barədə məlumatı gizlədir

10:36 | 02.10.2024
Rəsmi Yerevan Azərbaycandan itkin düşənlər barədə məlumatı gizlədir

Rəsmi Yerevan Azərbaycandan itkin düşənlər barədə məlumatı gizlədir

2024-cü il oktyabrın 1-ə olan məlumatlara əsasənErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 979 nəfər itkin düşən  şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib.

"30 ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürən Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik edən  erməni səhra komandirlərində təbii olaraq itkin düşən azərbaycanlıların dəfn yerləri barədə məlumatlar mövcuddur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir”, - Nağıyev bildirib.

Onun sözlərinə görə, bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunan  ərazilərdə aşkarlanan 18 kütləvi məzarlıqdan və görülən  digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib.

Aşkarlanan meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb. Onlardan 131-nin eyniləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən və 2022-ci ildə yaradılan Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilib.

2024-cü ilin sentyabrında Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonu, Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşən 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb. Həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir. İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür.

" 2024-cü ildə  Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilən ərazilərdə aparılıb qazıntılar və monitorinqlər nəticəsində məlum olub  ki, üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabrında həyata keçirilən antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar. Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilib. Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşı hörmətsizliyin bariz nümunəsidir” , Nağıyev əlavə edib.

O həmçinin söyləyib ki, Azərbaycan Respublikası postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır.

"Lakin dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı silahlandıraraq revanşizmin və separatizmin yenidən qızışdırılmasında maraqlıdır və buna açıq dəstək verməkdən çəkinmirlər. Görünən budur ki, belə qüvvələri hər şeydən öncə bu bölgədə baş vermiş və hazırda dünyada davam edən silahlı münaqişələr nəticəsində həyatını itirmiş, qaçqına, məcburi köçkünə çevrilmiş və itkin düşmüş yüz minlərlə insanının acı taleyi düşündürmür”, - Nağıyev deyib.



N.Təbrizli
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti