Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

22:49 | 05.07.2024
Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

İyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, şagird və valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Respublika Fənn Olimpiadaları barədə təqdimatla çıxış edib. Olimpiadaların məqsədindən söz açan Fuad Qarayev bildirib ki, şagirdlər arasında iştiraka maraq bu il daha da artıb. 

Məktəblilərin beynəlxalq olimpiadalardakı uğurlarına toxunan Fuad Qarayev qeyd edib ki, şagirdlər 2014–2024-cü illər ərzində bu yarışlardan 470 medal qazanıblar. 

Direktor müavini qeyd edib ki, bu il 8 fənn və 2 yaş qrupu üzrə keçirilən fənn olimpiadalarında  244 nəfər bürünc, 163 nəfər gümüş, 84 nəfər isə qızıl medal qazanıb. 

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev olimpiada qaliblərini bu qürurverici uğur münasibətilə təbrik edib. Nazir bildirib ki, sözügedən olimpiadanın qalibi olmaq gələcəkdə həmin məktəblilərə düzgün qərar verməkdə köməklik edəcək. Nazirin sözlərinə görə, olimpiada qalibi olmaq çətin olsa da, şagirdlər üçün gələcəyə açılan bir qapıdır. 
Şagirdlərin uğurlarında əməyi keçən müəllimlərinə və münsiflər heyətinə xüsusi təşəkkürünü bildirən Emin Əmrullayev olimpiada qaliblərini bir daha təbrik edib və onlara uğurlar arzulayıb. 

Ardınca Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızılmedalçıya – "Birincilərin birincisi”nə və bütün qaliblərə diplom, həmçinin mükafatlar təqdim olunub. 

Daha sonra Respublika Fənn Olimpiadaları barədə videoçarx nümayiş etdirilib.

Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti