Bakıda 1964-cü il təvəllüdlü Cavadov Bəhlul Qəmbər oğlunu döyüb, 4000 manatın və mobil telefonunu alan 3 nəfər yaxalanıb. Hadisə yeni il axşamı baş verib. Polis əməkdaşları Surət Məmmədov, Pərvin Əlizadə və Yunis Quliyevi həbs ediblər.
Əməliyyat müvəkkili Kənan Abışov deyib ki, saxlanılan şəxslər törətdikləri əməli səmimi etiraf ediblər.
APA TV xəbər verir ki, 21 yaşlı Surət Məmmədov zərərçəkənin yalan ifadə verdiyini bildirib. Onun sözlərinə görə, dostları ilə bərabər yeni ili qeyd etdikləri zaman qonşu masada oturan Bəhlul Cavadovla və onun yanındakı qadın arasında mübahisə düşüb. Saxlanılan şəxslər dalaşanları ayırıblar. Kişi içkili olduğundan yenidən onlara başqa bir yerə gedib yeyib-içməyi təklif edib. Təklif qəbul edilib. Amma məclisin axırında şikayətçi hesabı verməkdən imtina edib. Bundan qəzəblənən gənclər Cavadovun mobil telefonunu və pullarını alıb aradan çıxıblar: "Ustü-başı qan idi. Kömək elədik. Sonra bizimlə oturdu, pulu vermədi. Cibimizdə də pul yox idi".
Faktla bağlı Binəqədi polis idarəsinin istintaq şöbəsində araşdırmalar davam edir.
ANN.Az