- "Unibank”da restrukturizasiya prosesi necə gedir?
"Azərbaycan
Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında” Prezident fərmanının icrası Unibank üçün ilk gündən əsas
prioritet məsələ olub. Bank kompensasiya ödənişlərini Fərmanda nəzərdə tutulduğu kimi vaxtında başa
çatdırdı. Proses dövründə 122 651 müştəriyə 65 milyon 257 min manat məbləğində
kompensasiya ödənişi həyata keçirildi. Kompensasiya
ödənişləri başa çatan kimi, biz fərmanın ikinci hissəsinin icrasına- fiziki
şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı
proseslərə başladıq. Fərmanı əhatə edən müştərilərimizin bir hissəsinin
kreditləri artıq restrukturizasiya edilib.
İndiyədək restrukturizasiya
olunan kreditin həcmi 19 milyon
manata yaxındır. Müştərilər filiallara dəvət edilərək, çox qısa vaxt ərzində restrukturizasiya müqaviləsi bağlanır. Müştərilərin restrukturizasiya ediləcək kreditləri
üzrə cari günə hesablanmış cərimə, faiz borcları avtomatik olaraq
bağışlanır, müştəriyə cari günə olan kreditlərin yalnız əsas məbləğ üzrə borcu
qədər yeni kredit açılaraq, digər kreditləri bağlanılır. Fərmanda da nəzərdə
tutulduğu kimi kredit illik faiz dərəcəsi 1%
olmaqla, 60 ay müddətinə
rəsmiləşdirilir.
-
Restrukturizasiya prosesi müştəriyə
hansı üstünlükləri verir?
Fərmanda da qeyd olunduğu kimi
borcun xarici valyuta və ya manatla olmasından asılı olmayaraq, 1 yanvar
2012-ci il tarixindən fərman qüvvəyə minən tarixədək bağlanmış kredit müqavilələri
üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin
restrukturizasiyası nəzərdə tutulur. Yeni kredit müqaviləsinə
görə, birinci il ərzində müştəri
yalnız faiz borcunu ödəyir ki, bu da ay ərzində bir neçə manata yaxın bir vəsait
edir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq
ödənişlər edilir. Prosesin müştəriyə verdiyi əsas üstünlük onun, aylıq ödənişlərinin
minimuma salınmasıdır. Proses başlayan kimi müştərinin krediti üzrə məhkəmə işi
və kredit üzrə müştərinin əmək
haqqı və ya pensiyasından tutulmalar dayandırılır. İlk 1 il müştəri qalıq
kredit borcundan asılı olaraq aylıq 1-14 manatlıq ödəniş edir. Kreditini artıq restrukturizasiya etmiş iki müştərimizin nümunəsində
prosesin müştərilərin kredit yüklülüyünü nə qədər azaltdığına baxaq: Restrukturizasiya
prosesi nəticəsində müştəri C. Həsənovun
583 AZN faiz borcu silinib.
Prosesdən əvvəl müştərinin aylıq ödənişi 806 AZN təşkil edirdi. İndi 1-ci il ərzində 12 manat ödəyəcək.
İkinci ildən isə müştərinin aylıq ödənişi 296 manat olacaq. Yəni restrukturizasiyadan
əvvəlki dövrlə müqayisədə müştərinin aylıq ödənişi 3 dəfəyə yaxın azalır və
borcunun 583 AZN-lik hissəsi silinir. Bu da təbii olaraq əvvəllər kredit yüklülüyündən əziyyət çəkən müştərinin
dirçəlməsinə səbəb olur.
Digər nümunə: Fərman verilən tarixədək Həsənova
soyadlı müştərimiz aylıq 318 AZN ödəniş edirdi. Restruktrizasiya proqramına
düşdüyündən, müştərinin 2137 manat faiz və cərimə borcu fərmana əsasən
bağışlandı. Yəni müştəri yeni kredit müqaviləsinə imza atanda, 2137 manat borcu
artıq silinmiş oldu. Müştərinin qalan əsas borcu 5589 manat 60 aya cəmi 1%-lə
yeni kredit müqaviləsi əsasında rəsmiləşdirildi. İlk 1 ildə müştərinin aylıq ödənişi
5 manatdan da az edir. 13-cü aydan başlayarq isə hər ay 119 manat kredit ödəyəcək.
Restrukturizasiya təkcə bu müştərinin aylıq ödəniş məbləğini 3 dəfəyə yaxın
azaltdı.
- Bəzi müştərilər kredit ödənişinin 5 il davam edəcəyini düşünüb restrukturizasiya prosesində maraqlı olmurlar. Kreditlərini daha tez ödəmək istəyirlər. Bununla bağlı hansısa məhdudiyyət varmı?
- Xeyr, heç bir məhdudiyyət yoxdur. Restrukturizasiya zamanı kredit müqaviləsi 5 il müddətinə bağlanır. Amma müştəri istəyərsə, kreditini bir neçə aya da bağlaya bilər. Fərmanla restrukturizasiya müqaviləsinin 5 il bağlanması müştərinin aylıq ödənişinin az olması, müştərinin bu cüzi məbləği ödəyən zaman çətinlik çəkməməsi üçündür.
- Proses nə zaman bitəcək?
31 dekabr 2019-cu il vətəndaşların müraciətlərinin qəbulunun son günüdür. Biz çalışırıq ki bütün vasitələrlə müştəriləri məlumatlandıraq. Amma bu kreditlər 4-5 il əvvəl rəsmiləşdirildiyindən, ötən müdddətdə müştərilərdən öz mobil nömrələrini dəyişənlər də var ki, onlarla əlaqə yaratmaq bir qədər çətin olur. Ona görə SMS, zəng çatmayan Fərmana əsasən restrukturizasiyaya aid olan və borcunu hələdə restrukturizasiya etməyən müştərilərimizdən xahiş edirik ki filiallarımıza müraciət edərək restrukturizasiya müqaviləsini imzalasınlar. Bu həmin müştərilərinin aylıq kredit öhdəliklərinin azalması və tarixçələrinin yenilənməsi üçün çox vacibdir. Hazırda Abşeron ərazisi üzrə Bankın baş idarəsində , "Dərnəgül” və "Sumqayıt” filiallarında, regionlarda isə bütün filiallarımızda restrukturizasiya prosesi həyata keçirilir. Bu proses üçün ayrıca əməkdaşlar ayrılıb. Unibank olaraq prosesin vaxtında və yüksək səviyyədə icrası üçün bütün imkanlardan istifadə edirik.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !