2018-ci ilin ölkədə "Cümhuriyyət ili” elan edilməsindən sonra Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, xüsusilə Məhəmməd Əmin Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi məsələsi yenidən gündəmə gətirilib.
AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Rəsulzadənin məzarının Vətənə gətirilməsi haqda təkliflərə münasibət bildirib.
Akademik AzVision.az-a bildirib ki, Cümhuriyyət qurucularının, xaricdə yaşayıb Azərbaycana xidmət etmiş görkəmli şəxsiyyətlərin məzarlarının ölkəmizə gətirilməsi, qəbrlərinin köçürülməsi düzgün deyil.
"Biz bunu Tarix İnstitutu olaraq düzgün hesab etmirik. 60 milyonluq böyük xalqıq, onun 10 milyonu ancaq Azərbaycan Respublikasının ərazisində yaşayır. Xalqımızın digər nümayəndələri dünyanın bir çox yerlərində ölkəmiz üçün tarix yaradıblar.
Məsələn, Əlimardan bəy Topçubaşov bütün ömrünü Parisdə yaşayıb, vətənimiz üçün əsas xidmətlərini orada göstərib. Məhəmməd Əmin Rəsulzadənin qəbrini Türkiyədən köçürməklə və ya digər ölkələrdəki görkəmli şəxsiyyətlərin qəbrlərinin Azərbaycana gətirməklə biz özümüzü dünyada zəiflədirik. O yerlərdə biz tarix yaratmışıq. Lazım gələndə həmin şəxsiyyətlər həmin ölkələrin tarixinə düşəcək, həm də bizim tariximizdə yaşayacaq”.
Y.Mahmudov hesab edir ki, tarixi şəxslərin məzarlarına toxunmaq olmaz, həmin şəxsiyyətlərin qəbrlərini tərpətməklə onların ruhuna hörmətsizlik etmiş olarıq: "Məhəmməd Əmin Rəsulzadəyə gəlincə, ömrünün ən çətin vaxtlarında Türkiyə ona qucaq açıb. Türkiyə yad ölkə deyil. Bir millətin iki dövlətiyik. Onun qəbrinin orda və ya burda olmasının prinsipial əhəmiyyəti yoxdur. O, Türkiyədə fəaliyyət göstərib, orada yaşayıb və orada vətəninə xidmət göstərib, orada da uyuyur. Onun qəbrini tərpətməklə onun ruhuna hörmətsizlik edirlər. Fikrimcə, tarixi şəxslərin məzarların toxunmaq olmaz”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !