Rəsulzadənin nəvəsi prezidentin sərəncamından danışdı

11:45 | 24.11.2013
Rəsulzadənin nəvəsi prezidentin sərəncamından danışdı

Rəsulzadənin nəvəsi prezidentin sərəncamından danışdı

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri Rəis Rəsulzadə prezident İlham Əliyevin imzaladığı dünənki sərəncama münasibət bildirib. Sevincini Modern.az saytı ilə bölüşən Rəis Rəsulzadə prezidentin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamını yüksək qiymətləndirdiyini və bunun azərbaycançılıq ideologiyasına bir töhfə olduğunu söyləyib.

“Dünən eşitdim və çoxları kimi mən də sevindim. Babamın yubileyinə hələ 3 ay var. Sevindirici haldır ki, ona dəyər verirlər. Vaxtilə mərhum prezident Heydər Əliyev də 110 illik yubileyin keçirilməsi ilə bağlı sərəncam vermişdi. Sonra ara qarışdı, bəzilərini elədilər, bəzi şeyləri etmədilər. Yenidən belə bir sərəncam imzalanması çox sevindiricidir. Milli dəyərlərimizə töhfə verən bir sərəncam oldu. Hamı buna sevindi. Çünki Məhəmməd Əmin bəy tariximiz, mədəniyyətimiz və mənəviyyatımızın bir parçasıdır. Azərbaycanın dövlət-millət kimi formalaşması üçün düzgün ideologiya olmalıdır. Məhəmməd Əmin Rəsulzadə də azərbaycançılıq ideoloqu idi”. 

R.Rəsulzadə yubileydən sonra M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılması, mədəni irsinin çap olunması ilə bağlı da prezidentə müraciət edəcəyini söylədi. 

“Məhəmməd Əminlə bağlı çoxlu məsələlər var. Təbii ki,prezident məni qəbul edərsə, onunla görüşüb bu fikirlərimi deyəcəyəm. Ona müraciət etmək niyyətim var. Görək necə alınır”.

Xatırladaq ki, dünən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 

“2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb