Revekka Yulyevna Barsukun 100 illiyinə həsr olunmuş konfrans keçirildi - Fotolar

21:14 | 25.04.2016
Revekka Yulyevna Barsukun 100 illiyinə həsr olunmuş konfrans keçirildi - Fotolar

Revekka Yulyevna Barsukun 100 illiyinə həsr olunmuş konfrans keçirildi - Fotolar

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) görkəmli alim, tanınmış pedaqoq, professor Revekka Yulyevna Barsukun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.
 
Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Lola Barsukun oğlu Mixail Qusman, AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, elm və ictimaiyyət nümayəndələri, tələbələr iştirak edirdilər.
 
Konfransı giriş sözü ilə açan ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. Azərbaycanda, xüsusilə Azərbaycan Dillər Universitetində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında, həmçinin xarici dillərin inkişafında böyük zəhməti və rolu olan metodist, professor R.Y.Barsukdan söhbət açan Dünyamin Yunusov alimin yetirmələrinin hazırda onun yolunu inamla davam etdirdiklərini bildirdi.
 
D.Yunusov görkəmli pedaqoqun uzun müddət universitetin Xarici dillərin tədrisinin metodikası kafedrasına rəhbərlik etməsindən və ixtisaslı kadrların yetişdirilməsində əvəzsiz rolundan bəhs etdi.
 
Görkəmli alimin tələbəsi olduğunu söyləyən Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə "Professor R.Y.Barsuk-Azərbaycanda pedaqoji kadr hazırlığı” mövzusunda çıxış etdi. R.Y. Barsukun xarici dillərin tədrisi metodikası sahəsində çox professional kadrlar yetişməsinə böyük töhfə verdiyini söyləyən kafedra müdiri görkəmli alimin yüksək mədəniyyət və təhsil sahibi olduğunu bildirdi. O, tələbələrə xüsusi yanaşma tərzi, səmimiliyi ilə seçilən Barsukun Azərbaycanda xarici dillərin tədrisi metodikasının banisi olduğunu qeyd etdi.
 
Sonra adıçəkilən kafedranın professoru Əmralı Şirəliyev "Professor R.Y.Barsukun pedaqoji fəaliyyəti” adlı məruzə ilə çıxış edərək onun XX əsrdə Azərbaycan elminə bəxş edilən  alimlərdən biri olduğunu bildirdi. O dövrdə xarici dillərin tədrisi sahəsində ədəbiyyat çatışmazlığından danışan Ə.Şirəliyev Barsukun müəllifi olduğu kitabların nəinki Azərbaycanda, hətta respublikadan kənarda da tanındığını bildirdi.  
 
 "Professor R.Y.Barsuk-milli məktəblərdə xarici dillərin tədrisinin bəzi məsələləri” mövzusunda çıxış edən Linqvodidaktika kafedrasının müəllimi Günay Şirəliyeva vaxtilə Barsukun rəhbərlik etdiyi kafedrada onun müəllifi olduğu kitab və məqalələrindən yararlandığını qeyd etdi. İngilis dilinin kommunikativ yönümlü tədrisindən söz açan gənc tədqiqatçı dil və kommunikasiya arasında balans qurulmanın vacibliyindən danışdı.
 
Daha sonra görkəmli alimin tələbələri professorlar Gəray Yusifov, Əli Səfiyev, həmçinin dosent Rafiq Salahov onunla bağlı xoş, səmimi xatirələrini bölüşdülər. Onlar Barsukun bir çox insanların həyatında böyük rol oynadığını konfrans iştirakçılarının diqqətlərinə çatdırdılar, onu  son dərəcə məsuliyyətli, qayğıkeş ana, səmimi insan, çox yüksək yumor hissinə və bütün insani keyfiyyətlərə malik şəxsiyyət kimi dəyərləndirdilər.
 
Bu cür tədbirin keçirilməsini təqdirəlayiq hal hesab edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu gənclərin tərbiyəsinin ailədən başlanğıc götürdüyünü bildirdi. Barsukun övladlarında vətənpərvərlik hislərinin güclü olduğunu söyləyən səfir, eyni zamanda onun qayğıkeş ana və qonaqpərvər ev sahibi olduğunu da diqqətə çatdırdı. Universitetin tarixində böyük səhifə açmış bir alimin yubileyinin qeyd olunduğunu deyən Polad Bülbüloğlu belə tədbirlərin geniş dünyagörüşlü gənc nəslin yetişdirilməsində mühüm rol oynadığını söylədi.
 
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Barsukun Azərbaycan mədəniyyətinin inkişafında və pedaqoji elmdə böyük rol oynadığını bildirdi. 1970-ci ildə TEC-in konfransı zamanı ilk dəfə ADU-da iştirak etdiyini söyləyən A.Aslanov bugünkü çıxışının ikinci olduğunu diqqətə çatdırdı. Qusman qardaşlarının Azərbaycan üçün əvəzsiz xidmətlərindən danışan Aslan Aslanov dünyada məşhur olan jurnalistlər arasında ən görkəmli və professional jurnalist kimi Mixail Qusmandan söz açaraq onun dünya informasiya siyasətinin müəyyənləşməsində, Azərbaycanın ölkə hüdudlarından kənarda tanınmasında və təbliğ olunmasında misilsiz rolu haqqında danışdı. Sonda o, AZƏRTAC-ın hədiyyəsini Mixail Qusmana təqdim etdi.
 
ADU-da olarkən xoş xatirələrin gözü önündə canlandırdığını söyləyən Rusiyanın TASS agentliyinin baş direktorunun I müavini Mixail Qusman tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Dillər Universitetində olmaqdan məmnunluğunu dilə gətirən M.Qusman Barsukun son mənzilə məhz buradan yola salındığını söylədi. O, Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Bakı şəhərində onların yaşadığı evdə valideynlərinin şərəfinə xatirə lövhəsinin asıldığını diqqətə çatdırdı. Azərbaycanın multikulturalist ölkə olduğunu deyən M.Qusman səfər etdiyi ölkələrdə də bu haqda müzakirələr apardığını bildirdi.
 
Təhsil naziri Mikayıl Cabbarovun salamlarını tədbir iştirakçılarına çatdıran nazirin müavini Firudin Qurbanov Barsukun apardığı tətqiqatların Azərbaycan təhsilində mühüm yer tutduğunu söylədi. O,  mənalı həyat keçirən alimin özündən sonra zəngin irs qoyduğunu bildirdi. Görkəmli pedaqoq olan Lola Barsukun müəllimlik ənənələrinin hər bir müasir kadr üçün böyük məktəb olduğunu söyləyən F.Qurbanov onun müəllifliyi ilə nəşr olunan elmi əsərlərin və dərsliklərin də pedaqogika sahəsində istifadə olunduğunu vurğuladı.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM