Rezidenturaya qəbul imtahanı keçirilir

12:59 | 15.03.2015
Rezidenturaya qəbul imtahanı keçirilir

Rezidenturaya qəbul imtahanı keçirilir

Bu gün 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirir. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ASN PRESS-ə verilən məlumata görə, imtahan Bakı şəhərində 3 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada – Naxçıvan Dövlət Universitetinin Hüquq korpusunda keçiriləcək və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq. 

Birinci mərhələdə namizədlərə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə 100 test tapşırığı təqdim olunacaq. Hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar. 

Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə fevralın 16-dan 23-dək aparılıb və 1245 nəfər namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 913 nəfəri qız, 332 nəfəri isə oğlanlardır. 1050 namizəd Azərbaycan bölməsinin, 195 namizəd rus bölməsinin, 552 namizəd cari ilin, 693 namizəd isə əvvəlki illərin məzunudur.

Bakı şəhərində 1213, Naxçıvan şəhərində isə 32 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 18 imtahan rəhbəri, 132 zal nəzarətçisi ayrılıb.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2015-ci ilin iyul ayında keçiriləcək.
 
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM