Moskva Şəhərsalma-Tikinti Komissiyası Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisinə icazə verməyib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “Moskomstroyinvest” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Moskva Şəhərsalma-tikinti Komissiyası 3-cü Tverskaya-Yamskaya küçəsi 14/16 ünvanında yerləşən 7,024 kvadratmetr ərazidə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinin həyata keçirilməsinin dayandırılması ilə razılaşıb: “Torpaq sahəsinin icarəsi haqqında müqavilə 2003-cü ildə bağlanılıb. Obyektin tikintisi isə 2010-cu ilin sonuna qədər başa çatmalı idi. Torpaq sahəsinin 0,1 hektarı boş olaraq qalır, orda heç bir tikinti işi aparılmır və ərazi hasara alınıb. Sərmayəçi ərazidə mədəniyyət mərkəzi tikməyi planlaşdırıb. Lakin Moskva hökuməti şəhərin mərkəzinin inkişafı prioritetlərini dəyişdirdiyinə görə həmin inzibati binada yayayış və sosial obyektlər salınmalıdır. Ona görə də həmin ərazidə inzibati binanın tikilməsi məqsədəuyğun görülməyib. Bundan başqa, rayonun sakinləri də məlum obyektin tikintisinə qarşı çıxıblar. Onlar hesab edirlər ki, obyektin tikintisi yaxınlıqda yerləşən binaların texniki vəziyyətinə, o cümlədən rayonun nəqliyyatına pis təsir göstərə bilər. Sakinlərin etirazı və ərazidə tikinti işlərinin uzadılması səbəbi ilə layihənin icrasının dayandırılmasına qərar verilib. Ərazidən gələcəkdə yaşıllıq kimi istifadə olunacaq”. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, 3-cü Tverskaya-Yamskya küçəsində Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi Rüstəm İbrahimbəyov və Azərbaycanda olan bir bank tərəfindən həyata keçirilməli imiş. Lakin maddi vəsait olmadığından? tikinti başlamadan yarımçıq qalıb. R.İbrahimbəyov APA-nın Moskva müxbirinə açıqlamasında bir neçə il əvvəl Rusiya prezidenti Vladimir Putinə Azərbaycan Mədəniyyət Mərkəzinin tikilməsi üçün yer ayrılması ilə bağlı məktub yazdığını söyləyib: “Mən müraciət edəndən sonra Moskva hökuməti 3-cü Tverskaya-Yamskaya kwçəsində Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi üçün ərazi ayırdı. Azərbaycan banklarından biri, adını çəkmək istəmirəm, həmin binanı tikməli idi. Həmin ərazi bizə 1 milyon 50 min dollara 50 illik müddətə icarəyə verilmişdi. Lakin mənim əlimdə bu qədər vəsait yoxdur. O vaxt banka müraciət etmişdim. Binanı həmin bank tikməli idi. Bu binada həm bank, həm də Azərbaycan Mədəniyyət Mərkəzi yerləşməli idi. Binanın layihəsi də artıq hazır idi”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !