ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev rublun dəyərdən düşməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın ən böyük idxalçısı olan ölkədə rublun qeyri-sabitliyi ona gətirib çıxarır ki, aralarında qida və tez xarab olan məhsulların üstünlük təşkil etdiyi malların istehsalçılarına ticarət aparmaq çətinləşir.
R.Quliyev qeyd edib ki, artıq bir çox iş adamı Azərbaycana qayıdır: "Hazırda belə tendensiya aktivləşir: Rusiyadakı biznesmenlərimiz geri qayıtmağa başlayıblar və ya bunu planlaşdırırlar. Onlar Azərbaycanda biznes açmaq, yaxud onu genişləndirmək barədə düşünürlər. Burada daha sabit şərait var, sahibkarlıq mühiti yaxşılaşır, lakin bazar Rusiyadakı kimi tutumlu deyil. Buna baxmayaraq, bu proses gedir".
Millət vəkili hesab edir ki, rublun dəyərdən düşməsi Azərbaycana güclü təhdid törətmir: "İqtisadiyyatımız olduqca müstəqildir və özünü təmin edir. Həqiqət budur ki, rublun dəyərdən düşməsi Azərbaycan üçün çox da təhlükəli deyil və Ermənistan üçün gözlənilən faciəli nəticələr bizi gözləmir. Bu, Ermənistana çox mənfi təsir göstərəcək, çünki ölkə tamamilə Rusiyadan asılıdır. Hətta "erməni iqtisadiyyatı" anlayışı demək olar ki, yoxdur. Rusiyada baş verəcək proseslər Ermənistan iqtisadiyyatına dərhal birbaşa təsir edəcək".
Qeyd edək ki, Rusiya Azərbaycanın xarici ticarət tərəfdaşları arasında dördüncü yeri tutur. 2014-cü ilin yanvar-noyabr aylarının nəticələri üzrə Rusiya ilə əmtəə dövriyyəsinin həcmi 1,77 milyard dollar təşkil edib ki, bu da ölkənin ticarət əməliyyatlarının ümumi həcminin 6,13 faizini təşkil edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !