Suriyaya "ezamiyyət”ə getməkdən imtina edən bir neçə rusiyalı hərbçinin taleyi bu günlərdə məlum olacaq.
Hərbi hissə rəhbərliyi Novorossiyskdən olan bu hərbçiləri əmrə tabe olmamaqda ittiham edərək, Federal Təhlükəsizlik Xidmətinə müraciət edib. İndi hərbçilərə bir neçə maddə, o cümlədən vətənə xəyanət ittihamı ilə iş kəsilə bilər.
Hadisə haqqında sentyabrın 18-də "Gazeta.ru" yazıb: "Novorossiyskin "Tonnelnaya” dəmiryol stansiyasında yerləşən rotada 20 hərbçi qulluq edir. Onlar Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edirlər.
Hərbçiləri göndərəndə onlara deyiblər ki, hərbi yük daşıyacaqlar, amma ezamiyyət sənədlərində qayıtma tarixi göstərilməyib. Səfərdən əvvəl isə komandir bildirib ki, onları "isti ölkə”yə yollayırlar.
Üstəlik, hərbçilərin sənədlərini xarici pasport düzəldirmək üçün götürüblər. Daha sonra qərargah rəisi onlara deyib ki, xarici ölkəyə ezamiyyətin detalları sirdir. O həmçinin təsdiqləyib ki, rota Suriyanın Latakiya şəhərinə yollanır.
Məsələdən xəbərdar olan hərbçilər rəsmi şəkildə səfərdən imtina ediblər. Yerli hərbi prokurorluq nəinki onların imtina ərizəsini qəbul etməyib, hətta işə Federal Təhlükəsizlik Şurasını da qatıb".
Gazeta.ru yazır ki, hərbçilər Rusiya prezidenti yanında İnsan Haqları Şurasına müraciət ediblər, bu qurum isə sözügedən məsələlərə baxmadığını əsas gətirərək şikayəti Müdafiə Nazirliyinə göndərib.
Vəkil İvan Pavlov deyir ki, ezamiyyətdən imtina hərbçinin haqqıdır. Vəkil onu da bildirib ki. hazırda hərbçiləri dindirirlər, onlara hədə-qorxu gəlirlər.
Onun sözlərinə görə, hərbçilər artıq yoldadırlar. Onları daimi dislokasiya yerinə - hərbi hissəyə yola salırlar.
Vəkil hesab edir ki, hara göndərildiyini əvvəldən bilmək, o cümlədən, göndərildiyi məntəqəyə getməkdən imtina etmək müqavilə ilə çalışan hərbçilərin haqqıdır və onların bu hüquqları pozulub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !