Rusiya bombardmançısı Azərbaycan neftinin yığıldığı terminalı vurmaq istəyib?

12:20 | 07.10.2015
Rusiya bombardmançısı Azərbaycan neftinin yığıldığı terminalı vurmaq istəyib?

Rusiya bombardmançısı Azərbaycan neftinin yığıldığı terminalı vurmaq istəyib?

Xəbər verildiyi kimi, Suriyada Əsədə müxalif qüvvələrə qarşı əməliyyatlar keçirən Rusiya təyyarələri bir-birinin ardınca iki dəfə Türkiyənin hava sərhədlərini pozub.

Təyyarələr bir neçə dəqiqə ərzində Türkiyənin hava məkanında qalıblar və hər iki insidentə görə Rusiyanın Ankaradakı səfirliyinə etiraz notası təqdim edilib.

Rusiya tərəfi Türkiyənin hava məkanının pozulmasını "təsadüf” kimi izah etsə də rəsmi Ankara bu izahatla qane olmayıb. Habelə NATO və ABŞ rəsmiləri də Rusiyanın hərəkətlərinin təsadüfi olmadığını düşünürlər.

Virtualaz.org saytı xəbər verir ki, BBC-nin rus xidməti bu insidentlərlə bağlı ekspertlərdən şərhlər alıb.

Rusiyalı aviasiya eksperti Vladimir Karnozov deyib ki, təyyarələrin Türkiyənin hava məkanını pozduğu sahə aviasiyanın intensiv uçuşları ilə tanınır. Suriya aviasiyası Türkiyə ilə sərhədin bu hissəsini nəzarətə götürməyə çalışaraq İŞİD-ə silah və canlı qüvvə keçməsini əngəlləmək istəyir. Eyni zamanda Türkiyə aviasiyası Suriya ilə sərhəd boyu müntəzəm patrul uçuşları həyata keçirir.

Hazırda Rusiya təyyarələri raket-bomba zərbələrini də əsasən Suriyanın Türkiyə ilə həmsərhəd bölgələrinə endirir. Ekspertin sözlərinə görə, hazırda Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə İdlib əyalətinin Türkiyə ilə həmsərhəd ərazilərini terrorçulardan təmizləməyə, beləliklə də Türkiyə ilə sərhədə nəzarəti ələ almağa çalışır.

V.Karnozovun sözlərinə görə, Türkiyənin F-16 təyyarələri mümkün hava döyüşündə Rusiyanın Su-25, Su-24M, Su-34 bombardmançılarına qalib gələ bilərdi. Lakin bombardmançıları çoxməqsədli Su-30M qırıcıları müşayiət edir və əgər Türkiyə təyyarələri sərhədi pozan, yaxud sərhədə çox yaxın uçan Rusiya təyyarələrini vurmağa cəhd etsə, öz bazalarına geri dönməyə bilərlər.

Rusiyalı politoloq, Milli Strategiyalar üzrə Şuranın direktoru Valeri Xomyakov isə diqqəti bu fakta yönəldir ki, Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozması təsadüf ola bilər. Lakin belə insident bir-birinin ardınca iki dəfə baş veribsə, bu, artıq təsadüfə oxşamır.

"Bundan başqa yaddan çıxarmaq lazım deyil ki, Su-34M təyyarəsinin Türkiyənin hava məkanını pozduğu yeer İran və Azərbaycandan nəql olunan neftin cəmləndiyi terminala (Ceyhan terminalı) çox yaxındır. Bu terminala bomba düşməsi nəticəsində oradan Avropaya neft nəqli tamamilə dayanacaq. Nəticədə neftin qiyməti  də artacaq. Mən şübhələnmirəm, ancaq bizim Suriya əməliyyatlarında iştirakımızın məqsədlərindən biri Vladimir Putinin nefti bahalaşdırmaq arzusu ola bilər”- deyə Xomyakov bildirib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM