Suriyaya veriləcək "S-300” raketdən müdafiə sistemləri sayəsində Rusiya Suriyanın lazım olan bölgələrindəki hava məkanını bağlaya biləcək.
AzVision.az xəbər verir k, bu barədə Rusiya XİN-in nüvə silahlarının yayılmasının qarşısının alınması və silahlara nəzarət departamentinin rəhbəri Vladimir Yermakov "RİA Novosti”yə verdiyi müsahibədə deyib. Bildirib ki, "S-300”lərin Suriyaya verilməməsi üçün əvvəllər Moskva qarşısında qoyulan tələblər artıq təsirsizdir.
Yermakov həmçinin, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun "S-300”ləri Suriyaya verməklə Rusiyanın regionda gərginliyi artırdığına dair bəyanatını da şərh edib.
""S-300”lər tamamilə müdafiə məqsədlidir. Moskvanın bu qərarı əksinə, regiondakı vəziyyətin sabitləşməsinə və rus hərbçilərin təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib. ABŞ-ın məsələ ilə bağlı açıqlamalarını şişirdilmiş və əsassız hesab edirik. Rusiya öz müttəfiqlərinə müdafiə sahəsində dəstək vermək haqqına sahibdir. Dəməşqə verəcəyimiz "S-300” raketdən müdafiə sistemləri sayəsində Suriyadakı hava məkanı lazımi bölgələrdə bağlanacaq.”, – deyə Yermakov vurğulayıb.
Qeyd edək ki, ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2 həftə ərzində Suriyaya "S-300”lərin veriləcəyini bəyan edib. O, Moskvanın bu addımını İsrail Hərbi Hava Qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində Suriyada Rusiyaya məxsus "İl-20” təyyarəsinin vurulması və 15 rus hərbi qulluqçusunun ölümündən sonra Suriyadakı rus hərbçilərin təhlükəsizliyinin təmini ilə əlaqələndirib.
Xatırladaq ki, Rusiya 2013-cü ildə məhz İsrailin xahişi ilə Dəməşqə "S-300”lərin verilməsindən vaz keçmişdi. Son olaraq Suriyaya "S-300”lərin verilməsi məsələsi 2018-ci ilin aprelində ABŞ, Fransa və İngiltərənin Bəşər Əsədin guya kimyəvi silah tətbiq etdiyi iddiası ilə Suriyaya raket zərbələri endirmələrindən sonra yenidən gündəmə gəlmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !