"Rusiya və ABŞ Bakıda birləşib Dağlıq Qarabağı..." - ŞƏRH

15:58 | 11.07.2019

"Rusiya və ABŞ Bakıda birləşib Dağlıq Qarabağı..." - ŞƏRH

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında danışıqların məkanı kimi yenə Bakı seçildi.

Bakı 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və rusiyalı həmkarı Valeri Gerasimov arasında keçirilən görüşə, həmin ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov arasındakı görüşə və 2018-ci ilin aprelində yenə Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti arasındakı görüşə ev sahibliyi edib. Azərbaycan paytaxtında baş tutan son görüş Bakının qlobal güc mərkəzlərinin masa ətrafında dördüncü dəfə müzakirə apardığı məkan rolunu üzərinə götürdüyü deməkdir.

Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin bir çox səbəbləri var.

Hərbi ekspert Üzeyir Cəfərli Publika.az-a açıqlamasında bildirir ki, görüşlə bağlı məlumat bütün dünyanın diqqətində idi:

"Bu gün də görüşlə bağlı müzakirələr davam edir. NATO Ali baş komandanı ilə Rusiya ordusunun baş qərargah rəisi arasında baş tutan görüşün məkanı olaraq Bakının seçilməsi ondan xəbər verir ki, paytaxtımız tərəflərdə stabil, təhlükəsiz və etibarlı təəssürat doğurur. Bu şəxslər indiyə qədər üç dəfə görüşmüşdülər. Yeni toplantı general Tod Uoltersin Valeri Gerasimovla ilk görüşü idi. Bundan əvvəlki görüş Azərbaycanda deyil, başqa yerdə baş tutmuşdu.

Buna baxmayaraq, Bakı yenə də onlar üçün öz əhəmiyyətini əvvəlki kimi qoruyub saxlayırdı. Tərəflər Suriya, Əfqanıstan, o cümlədən, yaxın və ortamənzilli raketlərlə bağlı imzalanan müqavilənin taleyini müzakirə etdilər. Bildiyiniz kimi, 1987-ci ildə SSRİ-nin rəhbəri Mixail Qorbaçovla ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış bu sənəd son günlərin gündəminə oturub. ABŞ müqavilədən çıxdığını bəyan edib, Rusiya da bu yaxınlarda sənədin fəaliyyətinin dayandırılması ilə bağlı mövqeyini açıqlayıb. Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir məsələ müzakirə edilmədi. Azərbaycan Prezidenti, Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə regiondakı vəziyyət müzakirə olunmadı. Bunlar protokol xarakterli görüşlər idi. Bütövlükdə götürdükdə, Bakının adının çəkilməsi belə ondan xəbər verir ki, tərəflər yaradılmış şəraitdən, atmosferdən razıdırlar. Görüş iştirakçılarının Azərbaycan tərəfinə təşəkküründə ideal şərait, məxfiliyin qorunması məsələləri xüsusi vurğulanır”.

Üzeyir Cəfərli qeyd edir ki, ola bilsin, gələcək görüşlərdən biri regional məsələlər, o cümlədən, Dağlıq Qarabağla bağlı olsun: "Çünki Rusiya da, ABŞ da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. NATO da həmçinin. Bildiyiniz kimi, NATO-nun baş qərargah rəisi Nəcməddin Sadıkovla görüşdə alyansın Azərbaycanın ərazi bötüvlüyünü dəstəklədiyini bir daha səsləndirmişdi. Bu görüşün Azərbaycana verə biləcəyi xeyirlərdən biri də odur ki, NATO-nun Avropadakı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dağlıq Qarabağla bağlı belə bir fikir səsləndirib. Bu, təkcə Uoltersin fikri deyil, NATO komandanlığının fikridir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM