ANN.Az APA-ya istinadən xəbər verir ki, A. Navalnıy "İv Roşe” (Yves Rocher) şirkəti ilə bağlı cinayət işi üzrə 3,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb.
Hakim bildirib ki, bu iş A. Navalnının 5 il şərti cəza aldığı "Kirovles” məsələsi ilə əlaqəli deyil. Cəza bu gün – 30 dekabr 2014-cü ildən hesablanacaq. Məhkəmə hökmün qüvvəyə minəcəyi tarixə qədər müxalifətçi haqqında ev dustaqlığı qərarını qüvvədə saxlayıb.
Aleksey Navalnının qardaşı Oleq isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib və 500 min rubl məbləğində cərimələnib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Aleksey Navalnının "Kirovles” üzrə hökm də nəzərə alınmaqla 10 il müddətinə azadlıqdan məhrum edilməsini, Oleq Navalnının isə 8 il müddətinə həbsə məhkum edilməsini istəmişdi.
Navalnı qardaşları əvvəlcədən əlbir olub öz xidməti vəziyyətlərindən istifadə edərək dələduzluqda və mənimsədikləri vəsaiti leqallaşdırmaqda ittiham edilirdilər. İstintaqın versiyasına əsasən Navalnı qardaşları 2008-2013-cü illər ərzində dələduzluq yolu ilə "Yves Rocher” şirkətinin 26,7 milyon rubldan çox, "Mnoqoprofilnaya prosessinqovaya kompaniya”nın isə 4,4 milyon rubldan çox vəsaitini oğurlayıblar. Qardaşlardan 4,4 milyon rubldan çox vəsait müsadirə olunub. Aleksey Navalnı bu ittihamları saxta adlandırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !