Artıq
uzun müddətdir Rusiya-Azərbaycan sərhədini keçib, öz vətəninə qayıtmaq istəyən
azərbaycanlılar çətin vəziyyətdə qalıb, bunu Anews.az-a hazırda sərhəddə qalan Azərbaycan vətəndaşlarından biri bildirib.
"Dağıstan sərhəddində 700-dən çox Azərbaycan vətəndaşı qalıb. Çox baxımsız şəraitdə qalmışıq. 1 həftə öncə FHN-dən və Xarici İşlər Nazirliyindən məsul şəxslər gəlib 1 həftə içində probleminiz həll olacaq desə də hələlik çarəsiz vəziyyətdəyik", - deyə o bildirib.
Bəs görəsən 40 gündən çoxdur sərhəddə qalan vətəndaşlarımız nə zamana kimi orda qalacaq. Onların
Azərbaycana gətirilməsi üçün iqtisadi cəhətdən nə qədər vəsait tələb olunur?
Anews.az məsələni araşdırıb.
"Belə olan hallarda təşəbbüskarlıq əsas məsələlərdən biridir və hər bir ölkə öz vətəndaşlarının çətinliklərinin həll edilməsi istiqamətində müəyyən çevik mexanizmlər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Məlumata görə, təkcə Rusiyada deyil digər ölkələrdə də qalmış vətəndaşlarımızla bağlı müəyyən tədbirlər görülür", - deyə iqtisadçı bildirdi.
Məsələ
ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva açıqlamasında
bildirib ki, Azərbaycan höküməti tərəfindən hazırda xaricdə olan və ölkəyə geri
qayıtmaq istəyən vətəndaşlarımızın Azərbaycana geri dönüşü ilə əlaqədar müvafiq
tədbirlər həyata keçirilir. O cümlədən Rusiya Federasiyasında olan və ölkəyə
geri qayıtmaq istəyən şəxslər həm quru, həm hava vasitəsilə ölkəyə geri qaytarılır.
Mətbuat katibi onu da qeyd etdi ki, hazırda Azərbaycan və Rusiya tərəfinin aiddiyatı qurumları arasında aparılan əlaqələndirilmə işləri əsasında müvafiq qrafikə uyğun olaraq vətəndaşlarımızın quru yolla ölkəyə geri qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
Sərhəddə qalan vətəndaşlarımıızın həmin ərazidə otellərə yerləşdirilməsi məsələsinə baxılır.
Azərbaycanın
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun dünən verdiyi
açıqlamasında 15 mart, 27 may tarixi ərzində Azərbaycana Rusiya Federasiyası tərəfindən
7144 vətəndaşımızın geri qaytarılması haqqında məlumat verilib. Bura həm quru, yolla həm də hava yolu ilə gələn vətəndaşlarımız daxil idi. Təkcə quru yolla isə
1832 nəfər vətəndaşımızın ölkəyə qaytarılması haqqında məlumat var.
"Vətəndaşların
orada yığılmasına gəldikdə isə bununla bağlı öncədən qeyd etmişdik ki, sərhəddə
toplaşmaq çıxış yolu deyil. Vətəndaşlar olduqları yerdə qalmalıdırlar. "Evə gedirəm" portalında qeydiyyat keçən vətəndaş isə onlara gələn məlumatı gözləməlidirlər.
Maddi sıxıntılarla rastlaşan vətəndaşlarımıza gəldikdə isə həm Azərbaycan həmin vətəndaşlara yardımlar göstərir, həm də Rusiya federasiyasında imkanlı
iş adamları, diaspora fəalları onlara yardım edirlər", - Polad Bülbüloğlu deyib.
Azərbaycanın
Rusiyadakı səfirinin sözlərinə görə, sərhəddə qalan vətəndaşlarımıız üçün həmin ərazidə otellərə
yerləşdirilməsi ilə bağlı hazırda işlər aparılır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !